İDMAN
2 dəqiqə oxuma
“Aston Villa”-“Makkabi Tel-Əviv” matçına israilli azarkeşlərin gəlməsi qadağan edildi
İsrailin “Makkabi Tel-Əviv” klubu təhlükəsizlik səbəbindən “Aston Villa” ilə oyunda səfər azarkeşlərinin iştirakından imtina edib
“Aston Villa”-“Makkabi Tel-Əviv” matçına israilli azarkeşlərin gəlməsi qadağan edildi
Israel faces pressure over its genocide in Gaza, with almost every game the team is part of seeing a protest. / AP Archive
21 oktyabr 2025

İsrailin “Makkabi Tel-Əviv” futbol klubu İngiltərənin “Aston Villa” komandasının keçən həftə təhlükəsizlik səbəbindən İsrail azarkeşlərinin oyuna buraxılmayacağını açıqlamasından sonra, səfər matçı ilə bağlı qərarını verib. Klub bəyan edib ki, gələn ay keçiriləcək Avropa Liqası qarşılaşmasında yerli hakimiyyət orqanları azarkeş qadağasını ləğv etsə belə, səfər azarkeşləri üçün bilet ayrılmayacaq.

Oktyabrın 20-də qəbul edilən bu qərar İngiltərə polisinin təhlükəsizlik narahatlıqları ilə əlaqələndirilib. Polis qüvvələri Norveçin Oslo və İtaliyanın Udine şəhərlərində İsrailin sonuncu Dünya Çempionatı seçmə mərhələsi oyunları zamanı keçirilən etiraz aksiyalarını xatırladaraq, İngiltərədəki “Villa Park” stadionunun ətrafında da oxşar hadisələrin baş verə biləcəyindən ehtiyat edirlər.

“Aston Villa” klubu ötən həftə yaydığı açıqlamada qeyd edib: “Aston Villa” UEFA Avropa Liqası çərçivəsində 6 noyabr cümə axşamı İsrail komandası ilə keçiriləcək oyun zamanı səfər azarkeşlərinin stadionda iştirak edə bilməyəcəyi barədə Təhlükəsizlik Məsləhət Qrupundan (SAG) göstəriş aldığını təsdiqləyir”.

“Makkabi Tel-Əviv” komandası da səfər azarkeşlərinə ayrılmış hər hansı bilet paylanmasını qəbul etməyəcəyini açıqlayıb. Klubun bəyanatında bildirilib: “Keçmişdə yaşanan çətin təcrübələrdən yola çıxaraq, səfər azarkeşləri üçün ayrılan bütün biletlərdən imtina qərarı verdik”.

“West Midlands” polisi qarşıdakı oyunu “yüksək riskli” kateqoriyaya aid edib. Polis idarəsi xüsusilə 2024-cü ilin noyabrında Amsterdamda “Ayaks” və “Makkabi Tel-Əviv” azarkeşləri arasında baş verən şiddətli toqquşmaları bu qərarın əsas səbəblərindən biri kimi göstərib.

 

Avropa stadionlarında “Makkabi” azarkeşlərinin yaratdığı problemlər

Avropada səfər oyunlarına qatılan israilli azarkeşlər xüsusilə Qəzzada İsrailin törətdiyi soyqırım başladıqdan sonra daha çox gərginlik yaratmağa başlayıblar. Xüsusilə onların aqressiv davranışları ictimai narazılıq doğurur.

Sentyabr ayında Niderlandın paytaxtı Amsterdamda işğala və irqi ayrı-seçkiliyə dəstək verdiyi üçün “Makkabi Tel-Əviv” azarkeşlərinin şəhərə girişi qadağan edilib. Bu qərar, bir il əvvəl “Ayaks”la keçirilən oyunda israilli azarkeşlərə ayrılan ərazilərdə asılmış Fələstin bayraqlarını hədəf alaraq zorakılıq törətməsi fonunda qəbul olunub.

Sosial şəbəkələrdə yayılan görüntülərdə “Makkabi” azarkeşlərinin təkcə şəxsi mülklərə zərər vurmadıqları, eyni zamanda yerli taksi sürücüsünə hücum etdikləri və polis qüvvələri ilə qarşıdurmaya girdikləri görünür.

Digər məlumatlara görə, israilli azarkeşlər “İsrail ordusu ərəbləri məhv etsin” və “Qəzzada məktəb yoxdur, çünki uşaq qalmayıb” kimi nifrət dolu şüarlar səsləndiriblər.

Qeyd edək ki, İsrail hökuməti Qəzzada törətdiyi soyqırıma görə beynəlxalq təzyiqlərlə üz-üzə qalıb və “Makkabi Tel-Əviv”in iştirakı ilə keçirilən demək olar ki, hər matçda etiraz aksiyaları baş verir.

Xatırladaq ki, oktyabrın 11-də norveçli azarkeşlər İsrailə qarşı keçirilən 2026-cı il Dünya Çempionatı seçmə oyunu zamanı “Ullevaal” stadionunu Fələstin bayraqları ilə bəzəyərək etiraz aksiyası keçiriblər.

Oktyabrın 15-də isə İtaliyada təxminən 10 min Fələstin tərəfdarı İsrailə qarşı oynanılan matç zamanı etiraz yürüşü təşkil edib. Polis həmin nümayişlərə su şırnaqları və gözyaşardıcı qazla müdaxilə edib.

MƏNBƏ:TRT