Beynəlxalq Miqrasiya Təşkilatı (BMQT) Sudanın cənubundakı Cənubi və Şimali Kordofan əyalətlərində təhlükəsizlik vəziyyətinin pisləşməsi nəticəsində son üç gündə minlərlə insanın yurd-yuvasından didərgin düşdüyünü açıqlayıb.
Təşkilatın son hesabatına görə, 27-29 dekabr tarixləri arasında Cənubi Kordofanın Əl-Küveyk bölgəsindən 2 500-ə yaxın, Kaduqli və Dilling şəhərlərindən isə yüzlərlə sakin evlərini tərk etmək məcburiyyətində qalıb. Didərgin düşən əhali əsasən Şimali Kordofan və Ağ Nil əyalətlərindəki nisbətən təhlükəsiz sığınacaqlara üz tutub.
Şimali Kordofanda yerləşən Um Taqirat və Əl-Markha kəndlərindən qaçan 1 020 nəfərin isə paytaxt Xartumun qərbindəki Omdurman şəhərinə sığındığı qeyd olunur. Təkcə bazar günü hər iki ştatdan əlavə 1 290 nəfərin köç etməsi bölgədəki gərginliyin miqyasını göstərir.
Bildirilib ki, Şimal, Qərb və Cənubi Kordofan ştatları Sudan ordusu ilə hərbiləşdirilmiş Çevik Dəstək Qüvvələri (RSF) arasında həftələrlə davam edən qanlı döyüşlərin meydanına çevrilib.
2023-cü ilin aprelində hakimiyyət uğrunda başlayan münaqişə Sudanda dünyanın ən böyük didərginlik böhranlarından birinə səbəb olub. Müharibə dövründə minlərlə insan həyatını itirib, milyonlarla dinc sakin isə ölkə daxilində və xaricində qaçqın statusuna düşüb.













