İran rəsmiləri ölkəni otuz beş il idarə edən liderləri ilə vidalaşmaq üçün yaxın üç gün ərzində təkcə Tehranda 15-20 milyon arasında insanın mərasimlərdə iştirakının gözlənildiyini açıqlayıblar.
İranda fevral ayında həyata keçirilən ABŞ-İsrail birgə hava hücumlarında həyatını itirən Dini Lider Ayətullah Əli Xamenei üçün rəsmi dəfn mərasimləri başlayıb. Dövlət televiziyası minlərlə insanın iştirak etdiyi mərasimlərin Tehran rəhbərliyi tərəfindən başda ABŞ və İsrail olmaqla düşmənlərinə qarşı bir güc nümayişi olaraq planlaşdırıldığını bildirib. 28 fevralda başlayan ABŞ-İsrail-İran müharibəsinin ilk günündə 86 yaşında sui-qəsdə məruz qalan Xamenei və ailəsinin bəzi üzvlərini anmaq məqsədilə ölkədə 6 günlük dəfn mərasimi planlaşdırılıb. İran rəsmiləri ölkəni 35 il idarə edən Xameneiyə ehtiram göstərmək üçün yaxın üç gün ərzində təkcə paytaxt Tehranda 15-20 milyon arasında insanın iştirakının gözlənildiyini açıqlayıblar.
"Qisas" şüarları
Mərasimlər xüsusilə atasının ölümündən bir həftə sonra dini lider elan edilən, lakin hələlik ictimaiyyət qarşısına çıxmayan oğlu və xələfi Müctəba Xameneinin varlığına dair işarələr baxımından yaxından izlənilir. Tehrandakı Böyük Müsəlla Məscidi kompleksində toplaşan və qisas rəmzi olan qırmızı bayraqlar daşıyan minlərlə insan Xameneinin cənazəsinin gətirilməsini gözləyərkən, məkanda "qisas" şüarları ucalıb.
Üç şəhərdə mərasim keçiriləcək
Xameneinin cənazəsi iyulun 6-na qədər Tehranda qalacaq və ardınca bir yürüş təşkil olunacaq. İyulun 7-də Qum şəhərinə köçürüləcək cənazə, 8-də qonşu İraqdakı şiə müqəddəs şəhərlərinə aparıldıqdan sonra, 9 iyulda Xameneinin doğma şəhəri olan Məşhəddə dəfn olunacaq.
Mərasimdə iştirak edən beynəlxalq qonaqlar arasında İran və ABŞ arasında vasitəçilik edən Pakistanın Baş naziri Şahbaz Şərif və Rusiya Prezidenti Vladimir Putinin adından iştirak edən Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev yer alır. Həmçinin HƏMAS, "Hizbullah" və Əfqanıstandakı Taliban hökuməti də mərasimdə təmsil olunur.
Bölgədə müvəqqəti atəşkəs hökm sürür
Beş həftə davam edən qarşıdurmalardan sonra Yaxın Şərqdəki münaqişə Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında əldə olunmuş ilk razılaşmanın ardından dayanıb. Lakin İran rəsmiləri Tehranın ehtiyac yaranacağı təqdirdə döyüşləri yenidən başlatmağa hazır olduğu barədə xəbərdarlıq ediblər.















