ABŞ və İran arasında aprel ayından bəri davam edən "gərginlik və danışıqlar" dövründə tarixi bir məqama gəlindiyi iddia edilir. Belə ki, Pakistanın Baş naziri Şahbaz Şərif "razılıq mətni hazırdır" açıqlamasını verib.
Həmçinin ABŞ prezidenti Donald Trampın "mükəmməl bir razılaşma əldə etdik" bəyanatı da tərəfələr arasında razılıq əldə olunduğuna dair ehtimalları artırıb. Belə bir şəraitdə tərəflərin masadakı şərtləri və üzərində razılıq əldə olunan "İslamabad Razılaşması"nın təfərrüatları dəqiqləşməyə başlayıb.
“TRT Haber” telekanalının Tehran nümayəndəsi Harun Aykaç və Vaşinqton müxbiri Tuna Şanlının verdiyi məlumatlara görə, iki ölkə arasındakı diplomatik əlaqələr "anlaşma memorandumu" mərhələsinə çatıb. Lakin nüvə materiallarının məhv edilməsi və İran daxilindəki siyasi fikir ayrılıqları məsələləri öz həssaslığını qorumaqda davam edir.
Tehran rəhbərliyinin şərti
İranın xarici işlər naziri Abbas Əraqçinin "İslamabad Razılaşması" adlandırdığı ilkin mətnlə bağlı Tehran rəhbərliyi tərəfindən daxil olan məlumatlar, İranın strateji geri addımlarını və qırmızı xətlərini müəyyən edir.
Harun Aykaçın verdiyi məlumata görə, Tehran rəhbərliyi ən problemli mövzu olan nüvə məsələsini "ikinci bir zaman diliminə" saxlamağa razı olub. Lakin İran hakimiyyəti zənginləşdirilmiş uranyumun ölkə xaricinə çıxarılmasına qəti şəkildə qarşıdır. Bunun əvəzinə mövcud ehtiyatların "seyrəldilməsi" üsulunu təklif edir. Hörmüz boğazının ticarət gəmiləri üçün açılması nəzərdə tutulsa da, boğazın nəzarətinin tamamilə İran və Omanın ixtiyarında qalması tələb edilir. İsrailin Livana hücumları da daxil olmaqla, regiondakı bütün cəbhələrdə müharibənin dayandırılması Tehran rəhbərliyinin masadakı prioritetləri sırasındadır. Proses çərçivəsində İranın beynəlxalq sistemdə dondurulmuş aktivlərinin qaytarılması da hədəflənir.
Rəsmi Vaşinqtonun 5 bəndlik planı və "60 günlük" qrafik
Tuna Şanlının ABŞ-nin yüksək vəzifəli rəsmisinə istinadən əldə etdiyi məlumata görə, "5 bəndlik plan" aşağıdakı başlıqları əhatə edir:
· Nüvə materiallarının ölkədən çıxarılması: ABŞ nüvə ehtiyatların məhv edilməsi və İran xaricinə çıxarılması ilə bağlı təkidini davam etdirir.
· Nüvə proqramının sonlandırılması: Nüvə proqramının tamamilə dayandırılması tələb olunur.
· Şərtə bağlı geri qaytarılma: Dondurulmuş maliyyə vəsaitlərinin sərbəst buraxılması üçün "razılaşmaya tam əməl olunması" şərti qoyulur.
· Hörmüz boğazı: Blokadanın qaldırılması və boğazın tamamilə açıq saxlanılması planlaşdırılır.
· Terrorun maliyyələşdirilməsi: Regiondakı qruplaşmalara göstərilən maliyyə dəstəyinin kəsilməsi istənilir.
Razılıq əldə olunacağı təqdirdə, İranın beynəlxalq sistemə tam inteqrasiyasına şərait yaradılması nəzərdə tutulur. Bu çərçivədə, hətta ABŞ şirkətlərinin də İran neftinə çıxışını təmin edəcək genişmiqyaslı iqtisadi razılıq üzərində işlənilir.
Qeyd edək ki, tərəflərin bu həftə sonu Cenevrədə bir araya gəlmə ehtimalı var. Bununla belə, diplomatik mənbələr prosesin "ümidverici, lakin təmkinli" şəkildə idarə olunmasının vacibliyini vurğulayırlar.











