İkinci Qarabağ müharibəsində cəmi 44 gün ərzində işğal altındakı torpaqlarını geri qaytaran Azərbaycan ordusu xalqın nəsillər boyu davam edən həsrətinə son qoyaraq tarixi qələbəyə imza atdı.
Sovet İttifaqı dağıldıqdan sonra işğal etdiyi ərazilərdən 30 ilə yaxın müddətdə Azərbaycan mülki əhalisini atəşə tutan Ermənistan 2020-ci il sentyabrın 27-də sərhədyanı kəndləri yenidən ağır silahlarla bombardman etdi. Bu təxribat müharibənin başlamasına səbəb oldu. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin əmri ilə Azərbaycan ordusu elə həmin gün əks-hücum əməliyyatına başladı.
Sonradan "Vətən Müharibəsi" adı verilən bu əməliyyat 44 gün davam etdi. Döyüşlər nəticəsində 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad olundu. Müharibə dövründə Azərbaycan ordusunun 2 min 908 hərbi qulluqçusu şəhid oldu. Ermənistanın dinc sakinləri hədəf alan hücumları nəticəsində isə 94 mülki şəxs həlak oldu.
2020-ci il noyabrın 8-də Şuşa şəhərinin azad edilməsi ilə Ermənistan məğlubiyyətini etiraf etməyə məcbur qaldı. Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli Bəyanat imzalandı. Sənədin şərtlərinə əsasən, Ermənistan ordusu Ağdam, Kəlbəcər və Laçın rayonlarından da çıxarıldı. Beləliklə də Azərbaycanın ərazi bütövlüyü tam şəkildə bərpa olundu.
Qeyd edək ki, "Zəfər Günü" 10 noyabr tarixində elan olunsa da, bu günün Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün anım gününə təsadüf etməsi nəzərə alındı. Bu səbəbdən Şuşanın işğaldan azad edildiyi gün — 8 noyabr tarixi rəsmi olaraq "Zəfər Günü" kimi qəbul edildi.





















