DÜNYA
2 dəqiqə oxuma
Әsir mübadiləsi razılaşmanın qüvvəyə minməsindən 72 saat ərzində həyata keçiriləcək
Bu barədə ''Həmas'' rəsmisi AFP-yə müsahibəsində bildirib
Әsir mübadiləsi razılaşmanın qüvvəyə minməsindən 72 saat ərzində həyata keçiriləcək
Әsir mübadiləsi razılaşmanın qüvvəyə minməsindən 72 saat ərzində həyata keçiriləcək
9 oktyabr 2025

İsrail və ‘‘Həmas’’ Qəzza ilə bağlı atəşkəs planının birinci mərhələsi üzrə razılığa gəliblər.

İsrailin törətdiyi soyqırım on minlərlə insanın həyatına son qoyub, Fələstin torpaqlarını viran qoyub və ciddi humanitar böhrana səbəb olub.

Oktyabrın 9-da imzalanan razılaşma İsrail və fələstinli əsirlərin azad edilməsini, eləcə də Qəzzaya humanitar yardımın sürətli şəkildə daxil olmasını nəzərdə tutur.

Razılaşmaya əsasən, Fələstinin müqavimət hərəkatı ‘‘Həmas’’ bütün israilli əsirləri azad edəcək, İsrail isə qoşunlarını razılaşdırılmış xəttə çəkəcək. ABŞ prezidenti Donald Tramp Misirdə keçirilən danışıqlardan sonra 20 bənddən ibarət sülh planının razılaşma ilə nəticələndiyini açıqlayıb.

Birinci mərhələyə əsasən, ‘‘Həmas’’ təxminən 2000 fələstinli məhbus qarşılığında 20 israilli əsiri azad edəcək.

‘‘Həmas’’ rəsmisi AFP-yə verdiyi müsahibədə bildirib ki, əsir mübadiləsi razılaşmanın qüvvəyə minməsindən 72 saat ərzində həyata keçiriləcək.

Onun sözlərinə görə, azad olunacaq məhbuslar arasında ömürlük həbs cəzası çəkən 250 fələstinli, eləcə də İsrailin soyqırım əməliyyatları zamanı saxladığı qadınlar, uşaqlar və digər 1700 məhbus olacaq.

Trampın planına görə, İsrail hər bir israilli əsirin azad olunması müqabilində Qəzzadan 15 fələstinlinin nəşini təhvil verəcək.

Fələstin müqavimət hərəkatı ‘‘Həmas’’ rəsmi ‘‘Telegram’’ kanalında yaydığı açıqlamada atəşkəs razılaşmasının şərtlərinə uyğun olaraq fələstinli məhbusların siyahısını İsrail tərəfinə təqdim etdiklərini bildirib.

Açıqlamada qeyd olunur ki, adlarla bağlı yekun razılıq gözlənilir və bu razılıq əldə olunmadan onların ictimaiyyətə açıqlanmayacağı vurğulanıb.

‘‘Həmas’’ bildirib ki, bu razılaşma İsrailin Qəzzadan çıxması və əsir mübadiləsini özündə ehtiva edir. Hərəkat həmçinin Tramp və vasitəçi dövlətləri atəşkəs rejiminin tam şəkildə yerinə yetirilməsinə nəzarət etməyə çağırıb.

Oktyabrın 8-də ‘‘Həmas’’ İsrail tərəfindən saxlanılan əsirlərin və fələstinli məhbusların siyahılarını təhvil verdiyini açıqlayıb.

Qeyd olunur ki, ‘‘Həmas’’ın azad edilməsini istədiyi fələstinli məhbuslar arasında əvvəlki atəşkəs razılaşması zamanı azad olunmayan yüksək vəzifəli şəxslər də var.

‘‘Həmas’’ Qətər, Misir, Türkiyə və ABŞ-ın İsrailin Qəzzada törətdiyi soyqırıma son qoymaq üçün göstərdiyi səyləri yüksək qiymətləndirib.

Hərəkatın yaydığı bəyanatda deyilir:
"Qardaşlarımız və vasitəçilərimiz olan Qətər, Misir və Türkiyənin səylərini alqışlayırıq. Eyni zamanda, Qəzza zolağında işğala tamamilə son qoymaq və müharibəni dayandırmaq məqsədi ilə təşəbbüs göstərən ABŞ prezidenti Donald Trampın səylərini yüksək qiymətləndiririk’’.

‘‘Həmas’’ həmçinin ABŞ prezidentini, vasitəçi ölkələri və bütün əlaqədar tərəfləri İsrailin razılaşma üzrə öhdəliklərinə tam əməl etməsini təmin etməyə çağırıb.

Bəyanatda Fələstin xalqına da müraciət yer alıb:
"Qəzza zolağında, Qüdsdə, İordan çayının qərb sahilində, vətənimizin hər yerində və diasporumuzun üzvü olan böyük xalqımızı salamlayırıq. Onlar özlərinə və milli hüquqlarına qarşı yönəlmiş faşist işğalçı layihələrə qarşı misilsiz şərəf, cəsarət və qəhrəmanlıq nümayiş etdiriblər. Bu fədakarlıq və qətiyyətli mövqe İsrailin planlarının qarşısını aldı’’.