SİYASƏT
2 dəqiqə oxuma
V.Zelenskiy Rusiyanı müharibəni uzatmağa çalışmaqda günahlandırır
Ukrayna prezidenti Moskva rəhbərliyinin müharibəni daha bir il davam etdirməyə hazırlaşdığını bildirib
V.Zelenskiy Rusiyanı müharibəni uzatmağa çalışmaqda günahlandırır
V.Zelenskiy Rusiyanı müharibəni uzatmağa çalışmaqda günahlandırır / AP
18 dekabr 2025

Ukrayna prezidenti Volodimir Zelenskiy Rusiyanı Ukraynada davam edən müharibəni bilərəkdən uzatmağa çalışmaqda günahlandırıb. Dövlət başçısı V.Zelenskiy rəsmi Kiyev üçün güclü təhlükəsizlik zəmanətlərinin zəruriliyini bir daha vurğulayıb. Bu barədə V.Zelenskiy “Telegram” platformasında yayımladığı video müraciətində bildirib.

“Bu gün yenə Moskvadan qarşıdakı il müharibəni davam etdirməyə hazırlaşdıqlarına dair məlumat əldə etdik”, - deyə ölkə başçısı bildirib. Onun sözlərinə görə, bu cür siqnallar Rusiyanın münaqişəni bitirmək istədiyi barədə səsləndirilən iddialarla ziddiyyət təşkil edir. Ukrayna prezidenti V.Zelenskiy əlavə edib ki, bu cür addımlar diplomatik səyləri sarsıdır və sülh perspektivinə zərbə vurur.

V. Zelenskiy Rusiyaya qarşı real qorunma mexanizmlərinin vacibliyini vurğulayaraq bildirib ki, Ukrayna təhlükəsizlik, maliyyə və siyasi tədbirlər sahəsində tərəfdaşları ilə əməkdaşlığı davam etdirəcək. Onun sözlərinə görə, bu addımlar Rusiyaya məxsus aktivlərlə bağlı görüləcək tədbirləri də əhatə edir.

Ukrayna prezidenti həmçinin bildirib ki, dekabrın 18-də (bu gün) keçirilməsi planlaşdırılan Avropa İttifaqı sammitində veriləcək bəyanatlar rəsmi Moskvaya açıq şəkildə göstərməlidir ki, üç ildən artıq davam edən müharibənin gələn il də uzadılması mənasızdır. Çünki Ukrayna dövləti daha çox dəstək alacaq. Əslində V.Zelenskiy  bununla da Avropanı açıq şəkildə öz mövqeyini ortaya qoymağa məcbur edir. Bundan əlavə o, həmçinin Ukrayna rəsmilərinin bu həftə ABŞ nümayəndə heyəti ilə sülh prosesi və təhlükəsizlik zəmanətləri məsələləri üzrə danışıqları davam etdirəcəyini bildirib.

 

Danışıqlar ərəfəsində hücumlar davam edir

“Politico”nun məlumatına görə, V.Zelenskiyin bu açıqlamaları ABŞ və Rusiya nümayəndə heyətlərinin potensial sülh çərçivəsini müzakirə etmək məqsədilə bu həftəsonu Mayami şəhərində görüşməsinin gözlənildiyi bir vaxta təsadüf edir.

Bildirilir ki, Rusiya nümayəndə heyətində daha əvvəl danışıqlarda iştirak etmiş Rusiya prezidenti Vladimir Putinin xüsusi nümayəndəsi Kiril Dmitriyevin yer alması gözlənilir.

ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və onun kürəkəni Cared Kuşner son həftələrdə Almaniyada Ukrayna və Avropa rəsmiləri ilə görüşlər keçirib. Həmin görüşlərdə 20 maddədən ibarət sülh planı və iqtisadi məsələlər müzakirə olunub. Daha əvvəl Cenevrədə keçirilən danışıqlarda təkmilləşdirilmiş çərçivə layihəsi formalaşdırılıb və sonradan bu sənəd Moskva şəhərində Rusiya prezidenti Vladimir Putinlə müzakirə edilib.

Bu arada yerli Ukrayna hakimiyyət orqanlarının məlumatına görə, dekabrın 18-də (bu gün) Rusiya tərəfindən hücumlar davam edib. Ukraynanın cənubundakı Zaporojye şəhəri və ətraf ərazilərə endirilən hava zərbələri nəticəsində təxminən 32 nəfər yaralanıb.

Rəsmilər bildiriblər ki, hücumların yaşayış binalarına və bir təhsil müəssisəsinə düşməsi nəticəsində yaralananlar arasında beş uşaq da var.

Hücumlar ABŞ-ın münaqişəni dayandırmaq məqsədilə irəli sürdüyü sülh şərtlərini Ukraynaya qəbul etdirmək üçün təzyiqləri artırdığı bir dövrə təsadüf edir. Sözügedən təkliflər isə Kremlin mövqeyini gücləndirdiyi üçün tənqid olunur.

MƏNBƏ:TRT