“Axios” xəbər agentliyinin yaydığı məlumatına görə, İsrail ordusu Qəzza şəhərinə yönəlik həftələrlə davam etdirdiyi amansız bombardmanlardan sonra bölgəni tamamilə işğal etmək üçün quru əməliyyatına başlayıb.
Bu barədə qərar ABŞ dövlət katibi Marko Rubionun işğal altındakı Şərqi Qüdsdə, Məscidül-Əqsa yaxınlığında soyqırımçı Benyamin Netanyahu ilə görüşməsindən qısa müddət sonra qəbul edilib.
Bildirilir ki, M.Rubionun işğalçı B.Netanyahuya ABŞ prezidenti D.Trampın Qəzzaya yönəlik nəzərdə tutulan quru əməliyyatları dəstəklədiyini, lakin bunun tez bir zamanda icra olunaraq başa çatmasını görmək istədiyini söylədiyi bildirib.
Həmçinin, ABŞ rəsmilərindən daha bir nəfər D.Trampın qatil B.Netanyahunu dayandırmaq niyyətində olmadığı bildirib. Adı açıqlanmayan dövlət rəsminin sözlərinə görə, buna səbəb isə D.Trampın bu müharibəni öz məsələsi olaraq görməməsindən irəli gəlir.
Etnik təmizləmə
İsrailin Baş Qərargah rəisi Eyal Zamir də daxil olmaqla yüksək rütbəli rəsmilər qatil B.Netanyahunu Qəzzada aparılacaq əməliyyata qarşı xəbərdarlıq ediblər. Onlar bu addımın daha çox israilli əsgərin həlakına, həmçinin “Hamas” qarşısında məğlubiyyətə səbəb ola biləcəyini bildiriblər.
Bundan əvvəl BMT-nin İşğal Altındakı Fələstin Əraziləri üzrə Xüsusi Məruzəçisi Françeska Albanese İsrailin Qəzzaya hücumlarını kəskin şəkildə pisləmişdi. O, bu hücumların Qəzzanı yaşanmaz hala gətirməyi hədəflədiyini və etnik təmizləmə planının bir hissəsi olduğunu bəyan etmişdi.
F.Albanese Cenevrədə keçirilən mətbuat konfransında çıxışı zamanı deyib: “Qəzzanın son qalıqlarını ələ keçirmək üçün törədilən hücumlar təkcə fələstinliləri məhv etməyəcək, həm də hələ də girov saxlanılan israillilərin həyatını təhlükəyə atacaq”.






