ABŞ prezidenti Donald Tramp bildirib ki, Ukrayna hazırda Rusiya tərəfindən işğal olunmuş bütün ərazilərini geri qaytarmaq üçün əlverişli mövqedədir. Bu açıqlama onun müharibə ilə bağlı əvvəlki mövqeyindən ciddi bir dəyişiklikdir.
Tramp Nyu-Yorkda BMT Baş Assambleyasından kənarda Ukrayna prezidenti Volodimir Zelenski ilə qapalı görüşdən sonra, Rusiyanın iqtisadi zəifliyinin tarazlığı dəyişdirdiyini qeyd edib.
Tramp “Truth Social” platformasında etdiyi paylaşımda "Düşünürəm ki, Avropa İttifaqının dəstəyi ilə Ukrayna mübarizə apararaq bütün ərazilərini orijinal formasında geri qaytarmaq mövqeyindədir" deyib.
O əlavə edib: "Vaxt, səbir və Avropanın, xüsusilə NATO-nun maliyyə dəstəyi ilə müharibənin başladığı orijinal sərhədlərə qayıtmaq tamamilə mümkündür. Nə üçün mümkün olmasın? Rusiya üç il yarımdır ki, məqsədsiz mübarizə aparır".
Rusiyanı "kağızdan pələng" adlandıran Tramp Kiyevin hətta 2014-cü ildə Moskvanın ilhaq etdiyi Krım yarımadasını geri qaytara biləcəyini irəli sürüb.
"Putin və Rusiya ciddi iqtisadi problemlərlə üzləşir və bu, Ukrayna üçün hərəkət etmək vaxtıdır", -deyə Tramp qeyd edib.
Tramp "Hər halda, mən hər iki ölkəyə uğurlar arzulayıram. Biz NATO-ya silah tədarük etməyə davam edəcəyik ki, NATO onlarla istədiyini etsin" deyib.
Zelenski açıqlamaları alqışlayıb
Zelenski Trampın paylaşımını ABŞ siyasətində "böyük dəyişiklik" kimi qiymətləndirib.
Zelenski sentyabrın 23-də bildirib ki, Ukrayna qüvvələri bu ay 360 kvadrat kilometr işğal olunmuş ərazini geri alıb və 1000 rus əsgərini mühasirəyə salıb.
O, Moskvaya qarşı əlavə sanksiyaların tətbiqini tələb edib və Trampın Avropa ölkələrinin Rusiya neftini almağı dayandırması çağırışını dəstəkləyib.
Qeyd edək ki, Trampın son açıqlamaları onun fevral ayında Zelenski ilə keçirdiyi gərgin görüşdəki mövqeyindən kəskin fərqlənir. Həmin görüşdə o, Ukrayna liderinə belə demişdi: "Siz hazırda çox yaxşı vəziyyətdə deyilsiniz. Özünüzü çox pis vəziyyətə salmısınız. Hazırda sizin kartlarınız yoxdur. Bizimlə birlikdə kartlarınız olacaq".
Bu ayın əvvəlində Tramp NATO üzvlərinin kollektiv şəkildə Rusiya neft idxalını dayandırması və oxşar addımlar atacağı təqdirdə Rusiyaya qarşı böyük sanksiyalar tətbiq etməyə hazır olduğunu bildirmişdi.
Bu dəyişiklik müharibənin dördüncü ilinə daxil olarkən, Rusiyanın sanksiyalar və döyüş meydanında itkilərin yaratdığı artan iqtisadi təzyiqlərlə üzləşdiyi bir vaxtda baş verir.












