Fevralın 15-də Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş Türkiyənin sosial media platformalarında uşaqları qorumaq üçün yeni qaydalar tətbiq etməyə hazırlaşdığını bildirib.
Mahinur Özdemir Göktaş Türkiyənin ‘‘NSosyal’’ sosial media platformasında paylaşım edərək bildirib ki, hökumət uşaqların rəqəmsal təsirlərə uzun müddət məruz qalmasının yaratdığı narahatlıqları nəzərə alır və bu sahədə müvafiq tədbirlər görməyə hazırlaşır.
Nazir vurğulayıb ki, dünyanın bir çox ölkəsində olduğu kimi, Türkiyədə də uşaqların qorunmasına yönəlmiş sosial media qaydaları tətbiq olunacaq.
Nazir bildirib ki, insanların diqqət müddəti təxminən səkkiz saniyəyə qədər azalıb və bu vəziyyət böyüklərlə müqayisədə uşaqlara daha çox mənfi təsir göstərir.
Mahinur Özdemir Göktaş qeyd edib ki, son on ildə uşaqların diqqət müddəti ən azı 30 faiz azalıb. Onun sözlərinə görə, bu azalma uşaqların diqqəti cəmləşdirmə qabiliyyətinə, dostluq münasibətlərinə və akademik nəticələrinə mənfi təsir edir.
Bu dəyişikliklərin tədris prosesini də çətinləşdirdiyini qeyd edən nazir, oxşar qaydaların dünyanın müxtəlif ölkələrində də müzakirə olunduğunu və ya tətbiq edildiyini bildirib.
Nazir Mahinur Özdemir Göktaş Türkiyənin uşaqlar üçün daha təhlükəsiz internet mühiti yaratmaq istiqamətində çalışdığını vurğulayaraq valideynləri və müəllimləri bu səyi dəstəkləməyə çağırıb. Göktaş bildirib ki, birlikdə uşaqlar üçün təhlükəsiz internet mühiti yaratmaq mümkündür.











