ABŞ vitse-prezidenti Cey Di Vens Virciniyada jurnalistlərə açıqlamasında bildirib ki, Prezident Donald Tramp ciddi səbəb olmadığı təqdirdə ordunu yenidən İrana göndərmək niyyətində deyil. Hazırkı vəziyyətin regional aktorların addımlarından asılı olduğunu qeyd edən vitse-prezident Donald Trampın hərbi müdaxilə barədə olduqca ehtiyatlı mövqe tutduğunu vurğulayıb.
Qətərin paytaxtı Dohada keçirilən danışıqlara da toxunan Vens diplomatik prosesin hələ ilkin mərhələdə olmasına baxmayaraq, hazırda müsbət istiqamətdə irəlilədiyini diqqətə çatdırıb. O, ABŞ administrasiyasının danışıqların uğurla nəticələnməsi üçün lazım olan bütün addımları atacağını bəyan edib.
Bununla belə, vitse-prezident rəsmi Tehranın fəaliyyətlərinə dair xəbərdarlıq edərək Ağ Evin mövcud strategiyasının dəyişə biləcəyinə işarə edib. Vens qeyd edib ki, əgər İran nüvə proqramını yenidən aktivləşdirməyə çalışarsa, beynəlxalq yoxlamalara mane olarsa və ya bir neçə gündür dayandırdığı kommersiya gəmilərinə qarşı hücumları bərpa edərsə Prezident Tramp masadakı bütün hərbi və siyasi variantları nəzərdən keçirəcək.














