Azərbaycan Prezidenti İlham Əliyev ilə Ukrayna Prezidenti Volodimir Zelenski İrlandiyanın paytaxtı Dublində bir araya gəliblər.
Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən verilən məlumata görə, Əliyev ilə Zelenski Dublində keçirilən “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində görüşüblər.
Zelenski Zəfər Günü və 12 Noyabr - Konstitusiya Günü münasibətilə Azərbaycan Prezidenti Əliyevi təbrik edib.
Görüşdə iqtisadi-ticari əlaqələrin, eyni zamanda, özəl sektorun xətti ilə iqtisadi əlaqələrin inkişaf perspektivləri müzakirə olunub, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri məsələsi barədə fikir mübadiləsi aparılıb.
Prezident Volodimir Zelenski Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımlara, xüsusilə elektrik avadanlıqlarının təchizatı məsələsində dəstəyə görə təşəkkürünü bildirib.
Görüşdə Azərbaycanın Qarabağda və Şərqi Zəngəzurda postmünaqişə şəraitində apardığı bərpa və quruculuq işlərinin Ukrayna tərəfindən də böyük maraqla izlənildiyi qeyd olunub, bu xüsusda Azərbaycanın təcrübəsinin Ukrayna üçün də əhəmiyyətli olacağı vurğulanıb.























