Türkiyənin altıncı Milli Arktika Elmi Araşdırma Ekspedisiyasına qatılan beynəlxalq tədqiqatçılar müxtəlif istiqamətlərdə elmi işlər aparıblar. Onlar iqlim böhranının qütb ekosistemlərinə təsirindən tutmuş, Arktikadakı quş növləri və mikroplastik çirklənməylə bağlı birdən çox sahəni araşdırıblar.
TASE-VI adı ilə tanınan ekspedisiya okeanoqrafiya, biologiya, kimya, atmosfer dinamikası, meteorologiya, geodeziya və peyk sistemləri sahələrində fəaliyyət aparan 12 alimin 12 fərqli layihəni yekunlaşdırması ilə başa çatıb.
Ekspedisiya Türkiyə Respublikası Prezidentinin himayəsi altında həyata keçirilib. Prosesə Türkiyə Sənaye və Texnologiya Nazirliyi koordinasiya edib. Layihənin idarə olunmasını isə TÜBİTAK Qütb Araşdırmaları İnstitutu (TÜBİTAK KARE) öz üzərinə götürüb.
Tədqiqat gəmisi ilə 82 dərəcə şimal enliyinə qədər irəliləyən heyət Türkiyənin Milli Qütb Elmi Strategiyası çərçivəsində həm milli, həm də beynəlxalq əhəmiyyət kəsb edən qabaqcıl elmi mövzuları öyrənib.
Tədqiqatlar əsasən qlobal iqlim böhranı, təhlükə altında olan ekosistemlər və insan fəaliyyətinin yaratdığı ətraf mühit təzyiqləri üzərində cəmlənib.
Argentina, Bolqarıstan və Uruqvaydan olan üç beynəlxalq tədqiqatçı da ekspedisiyaya qoşulub. Onlar iqlim böhranının qütb ekosistemlərinə təsirini, Arktika quş növlərinin coğrafi arealını və atmosferdəki mikroplastik çirklənmə səviyyəsini araşdırıblar.
Buz dağlarının əriməsinin ekosistemə təsiri
Uruqvay Antarktika İnstitutunu təmsil edən bioloq və yer elmləri üzrə eksperti Paula Arbiza buz dağlarının təsirinə məruz qalan Arktika fyord ekosistemlərini tədqiq edib.
P.Arbiza bildirib ki, tədqiqatçılar ekspedisiya zamanı topladıqları məlumatları Antarktidadakı elmi işlərlə müqayisə edəcəklər.
Tədqiqatın əsas məqsədi iqlim böhranı səbəbindən buz dağlarının əriməsinin ətraf ekosistemlərin düzgün fəaliyyət prosesinə necə təsir göstərdiyini müəyyən etməkdir.
Alimlər ekosistem sağlamlığının bioloji göstəricisi kimi kiçik organizmləri araşdırıb və çöküntülərdən nümunələr toplayıblar. Bununla yanaşı, bölgədəki ətraf mühitin vəziyyəti də təhlil olunub.
Arktika və Antarktika arasında aparılan müqayisələrin alimlərə böyük töfhə verəcəyi gözlənilir. Bu tədqiqatlar hər iki yarımkürənin qütb ekosistemlərinin artan temperatur və əriyən buz dağlarının qarşısında necə reaksiya verdiyini təhlil etməyə şərait yaradacaq.
Arktikada quş populyasiyaları müşahidə edilib
Bolqarıstan Elmlər Akademiyasından Boyan Miçev Arktika quşların quruluşunu və yalnız bu regionda yaşayan növlərin coğrafi paylanmasını tədqiq edib.
B.Miçev ekspedisiya zamanı açıq dəniz üzərində təxminən 30–40 quş növünün müşahidə edildiyini bildirib.
Quşlar quruda yuva qursalar da, onların böyük əksəriyyəti qidalanmaq üçün dəniz üzərində hərəkət edir. Bu sayədə tədqiqatçılar ekspedisiya marşrutu boyunca növlərin mövcudluğunu qeydə ala biliblər.
Bu müşahidələrin ətraf mühit dəyişikliklərinin Arktika quş populyasiyalarının yaşayış, qidalanma və miqrasiya marşrutlarına təsiri ilə bağlı araşdırmalara mühüm töhfə verəcəyi gözlənilir.
Qütb atmosferindən toplanan mikroplastiklər
Argentina Antarktika İnstitutundan Arturo Huber qütb bölgəsi üzərindəki atmosferdə mikroplastik çirklənmə üzrə araşdırma aparıb.
A.Huber ekspedisiya zamanı istifadə olunan sistemin havadakı zərrəcikləri filtrlərə topladığını qeyd edib. Nümunələr Arktika atmosferindəki mikroplastik miqdarını müəyyən etmək üçün laboratoriyalarda analiz olunacaq.
Eyni üsul daha əvvəl Antarktidada da tətbiq edilib. Bu da tədqiqatçılara hər iki qütb bölgəsindəki mikroplastik çirklənməni müqayisə etmək imkanı verir.
Qeyd edək ki, mikroplastiklər atmosfer və okean dövriyyəsi vasitəsilə uzaq məsafələrə yayıla bilir. Bu hal qütblərdən kənar regionlarda yaranan zərrəciklərin uzaq Arktika və Antarktika mühitinə çatmasına şərait yaradır.
Aparılan qarşılaşdırmalı tədqiqatın qütb ərazilərindəki mikroplastik çirklənməsinin miqyası, mənbələri və hərəkəti haqqında daha aydın təsəvvür formalaşdıracağı gözlənilir.




















