Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qurban bayramı münasibətilə ünvanladığı təbrik müraciətində "Bu mübarək günlərin ölkəmiz, əziz millətimiz, İslam dünyası və bütün bəşəriyyət üçün xeyirli olmasını ürəkdən təmənni edirəm" deyib və açıqlamasında gündəmdəki bir çox mövzuya da toxunub.
Ərdoğan bölgədəki münaqişələrin təsirlərinə bu sözlərlə aydınlıq gətirib: “İslam dünyası olaraq bir hüzur iqliminə qovuşmağın sevincini yaşayarkən, digər tərəfdən bölgəmiz və dünyamız gərginlik səviyyəsi yüksək olan bir dövrdən keçir. İsrail, atəşkəsə baxmayaraq, Qəzzadan İordan çayının qərb sahilinə, Şərqi Qüdsdən Livana qədər coğrafiyamızın fərqli nöqtələrində işğal, dağıntı, qətliam və qeyri-qanuni məskunlaşma fəaliyyətlərini saymazyana davam etdirir. Eyni zamanda, İsrailin təxribat və planları ilə alovlanan müharibənin mənfi təsirləri; enerjidən kənd təsərrüfatına, ticarətdən nəqliyyata, iqtisadiyyatdan təhlükəsizliyə qədər bir çox sahədə hiss olunmaqdadır”.
Dövlət başçısı deyib: “Regionun ardıcıl müharibələr və böhranlarla üzləşdiyi bir dövrdə güclü iqtisadiyyatı, inkişaf etmiş infrastrukturu, təcrübəli dövlət institutları və peşəkar kadr potensialı ilə Türkiyə “sabitlik adası” olaraq qalır. Bu gün biz son 23 ildə həyata keçirilən uğurlu siyasətin, o cümlədən müdafiə sənayesi sahəsində atılan addımların nəticələrini görürük.
Onun sözlərinə görə, qeyd olunan dövrdə Türkiyənin ÜDM-i 238 milyard dollardan 1,6 trilyon dollara yüksəlib, ixrac həcmi isə 36 milyard dollardan 276 milyard dollara çatıb. Eyni zamanda, müdafiə sənayesi məhsullarının xaricə ixracı 248 milyon dollardan 10 milyard dollara qədər artıb.
“Türkiyə yalnız az sayda ölkənin nail ola bildiyi silsilə uğurlarını davam etdirir”, – deyə dövlət başçısı vurğulayıb.
Prezident Türkiyənin “regionu bürüyən dumanın çəkilməsi ilə” formalaşacaq yeni dövrün “ən parlaq ulduzlarından birinə” çevriləcəyinə əminliyini ifadə edib.
“Bu məqsədə nail olmaq üçün əlimizdən gələni edirik. Bu gün “Terrorsuz Türkiyə” təşəbbüsünün əhəmiyyəti heç vaxt olmadığı qədər aydın dərk olunur. Bu tarixi proses Türkiyənin daxilində sabitliyin möhkəmlənməsinə və imperialist qüvvələrin ölkəmizin hüdudlarından kənarda qurduğu oyunların qarşısının alınmasına töhfə verir. Ölkəmizə 2 trilyon dollar iqtisadi zərər vurmuş bu problemi ölkənin gündəmindən çıxarmaqda qətiyyətliyik. Sürətlə addımladığımız yolda, güclü şəkildə davam edəcəyik”, – deyə Ərdoğan vurğulayıb.













