Təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyada uğurlu sərhədyanı əməliyyat keçirib.
Milli Kəşfiyyat Təşkilatının Suriya Kəşfiyyat Xidməti ilə koordinasiyalı şəkildə həyata keçirdiyi əməliyyat nəticəsində İnterpolun qırmızı bülleteni ilə axtarışda olan 10 DEAŞ üzvü saxlanılaraq Türkiyəyə gətirilib.
Aparılan kəşfiyyat işləri nəticəsində terror təşkilatına qoşulmaq üçün Türkiyədən Suriyaya keçən və DEAŞ daxilində aktiv fəaliyyət göstərən bu türk əsilli şəxslərin keçmişdə Türkiyədə törədilən çoxsaylı terror aktlarında da iştirak etdiyi müəyyən edilib.
Həmçinin məlum olub ki, yaxalanan terrorçulardan biri 109 nəfərin ölümünə səbəb olan Ankara Dəmir Yolu Vağzalındakı terror hücumunun icraçıları ilə birbaşa əlaqədə olub. Suriyada yerləri müəyyən edildikdən sonra hərəkətləri addım-addım izlənilən və xüsusi əməliyyatla Türkiyəyə gətirilən 10 DEAŞ üzvü Milli Kəşfiyyat Təşkilatı və Təhlükəsizlik Baş İdarəsinin Terrorla Mübarizə Departamentinin birgə səyləri ilə dindirilib.
Məhkəməyə sövq edilən terrorçulardan 9-u barəsində həbs qətimkan tədbiri seçilib, qalan 1 nəfərin isə barəsindəki məhkəmə nəzarəti müddəti uzadılıb.
















