Sentyabrın 30-da Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının (MTŞ) iclası keçirilib.
Türkiyənin milli birliyi, bütövlüyü və təhlükəsizliyinə yönəlmiş təhdidlərə qarşı ölkə daxilində və xaricində həyata keçirilən tədbirlər, həmçinin son dövrdə baş verən beynəlxalq proseslər müzakirə olunub.
Bildirilib ki, "Terrorsuz Türkiyə" və "Terrorsuz region" hədəfləri istiqamətində atılan addımlar və əldə olunan irəliləyiş də qiymətləndirilib.
Müzakirələrdə Türkiyə xalqının, regionun, eləcə də qonşu ölkələrin təhlükəsizliyi, sülh və rifah naminə səylərin davam etdiriləcəyi vurğulanıb.
Suriya ilə bağlı qeyd olunub ki, ölkənin birliyinin və bütövlüyünün möhkəmləndirilməsi, dövlət hakimiyyətinin ölkə miqyasında yayılması və inteqrasiya prosesindəki müsbət addımlar müzakirə edilib, Suriya xalqının öz ölkəsini yenidən dirçəltməsinə və beynəlxalq birliklə əlaqələrini gücləndirməsinə yönəlmiş dəstəyin davam edəcəyi vurğulanıb.
İraqın əmin-amanlığının və sabitliyinin bütün bölgə üçün kritik əhəmiyyət kəsb etdiyi qeyd olunan bəyanatda İraq hökumətinin dövlət suverenliyini ölkə daxilində gücləndirmək səylərindən məmnunluq duyulduğu bildirilib və İraq ilə strateji əməkdaşlığı inkişaf etdirmək iradəsi bir daha təsdiqlənib.
Bəyanatda həmçinin bildirilib: “ABŞ və İsrail ilə İran arasındakı müharibənin davam edən qarşıdurmalarla dalana dirənərək bölgədəki həssaslıqları artırdığı ifade edilmiş, tərəflərə danışıqlara qayıtmaq və qlobal miqyasda nəticələri getdikcə ağırlaşan bu münaqişəyə son qoymaq çağırışı edilmişdir. İsrail rəhbərliyinin Qəzza və Livanda sülhün bərqərar olması ilə bağlı öhdəliklərini yerinə yetirməyərək hücumlarını davam etdirdiyinə diqqət çəkilmiş, beynəlxalq birlik Suriyanın ərazi bütövlüyünü və suverenliyini də pozaraq bölgədə sabitliyin təmin olunmasına mane olmağa çalışan İsrail rəhbərliyinə qarşı konkret addımlar atmağa dəvət edilmişdir".
Rusiya-Ukrayna Müharibəsindəki mövcud vəziyyət ilə mülki infrastruktur və gəmilərin hərəkət marşrutlarına yönəlmiş hücumların regional ve qlobal təsirlərinin müzakirə edildiyi bildirilən bəyanatda müşahidə olunan nəzarətsiz gərginlik və yayılma əlamətləri qarşısında tərəflərə təmkin nümayiş etdirmək və atəşkəs çağırışı edildiyi vurğulanıb.
Yəməndə son dövrdə artan gərginliyin başda qonşu ölkələr olmaqla bölgədə təhlükəsizlik risklərini artırdığı qeyd olunan bəyanatda qlobal sabitlik baxımından da böyük əhəmiyyət kəsb edən sakitliyin təcili şəkildə təmin edilməsinin vacibliyi diqqətə çatdırılıb.






















