SİYASƏT
1 dəqiqə oxuma
ABŞ NATO-nun Avropadakı əməliyyatlarına hərbi dəstəyi azaltmağı planlaşdırır
"New York Times" qəzetinin Avropanın iki yüksək vəzifəli rəsmisinə istinadən verdiyi məlumata görə, ABŞ-ın bu qərarı NATO-nun uzaq mənzilli zərbə və müşahidə imkanlarını məhdudlaşdıracaq
ABŞ NATO-nun Avropadakı əməliyyatlarına hərbi dəstəyi azaltmağı planlaşdırır
ABŞ NATO-nun Avropadakı əməliyyatlarına hərbi dəstəyi azaltmağı planlaşdırır

"New York Times" qəzetinin Avropanın iki yüksək vəzifəli rəsmisinə istinadən verdiyi məlumata görə, ABŞ-ın bu qərarı NATO-nun uzaq mənzilli zərbə və müşahidə imkanlarını məhdudlaşdıracaq. Plana əsasən, Vaşinqton Avropadakı ‘‘F-16’’ və ‘‘F-15E’’ qırıcı təyyarələrinin sayını 150-dən 100-ə endirməyi nəzərdə tutur.

Bundan başqa, dəniz patrul təyyarələrinin sayı 26-dan 15-ə endiriləcək, bölgədə yerləşdirilən səkkiz tanker təyyarəsinin hamısı isə geri çəkiləcək. Hesabatda raket daşıyan bir sualtı qayığın, bir təyyarədaşıyan gəminin, eləcə də müxtəlif missiyalarda iştirak edən çoxsaylı hərbi gəmi və qırıcıların yenidən yerləşdirilməsinin hədəfləndiyi bildirilir. Eyni zamanda, Avropanın müdafiəsi üçün ayrılmış iki bombardmançı qrupdan birinin başqa regiona köçürülməsi ehtimalı var.

NATO və ABŞ Müdafiə Nazirliyi mövzu ilə bağlı sorğulara hələlik cavab verməyib. Bununla belə, ABŞ Avropa Komandanlığı ötən həftə NATO Qüvvə Modelinə töhfələrinin miqyasını dəyişəcəyini bəyan edib. May ayında yayımlanan hesabatlarda da ABŞ-nin mümkün böhran zamanı müttəfiqlərinə göstərəcəyi hərbi dəstəyin həcmini azaltmağı planlaşdırdığı qeyd olunurdu.

Tramp administrasiyası Avropa hökumətlərini müdafiə sənayesinə az investisiya qoymaqda və ABŞ-nin hərbi gücünə həddindən artıq arxalanmaqda tez-tez ittiham edir. Hazırda rəsmi Vaşinqton həm Avropa, həm də Asiyadakı müttəfiqlərini müdafiə xərclərini ÜDM-in 3,5 faizinə çatdırmağa çağırır.