SİYASƏT
2 dəqiqə oxuma
Ermənistanda parlament seçkiləri keçirilir
Ermənistanı Qərbə yaxınlaşdıran və Azərbaycanla sülh istəyən Baş nazir N.Paşinyan seçicilərdən növbəti dəfə etimad mandatı istəyir
Ermənistanda parlament seçkiləri keçirilir
Ermənistanda parlament seçkiləri keçirilir / Reuters

Ermənistan əhalisi parlament seçkilərində səs vermək üçün bu gün seçki məntəqələrinə yollanır. Bu səsvermə həm də xalqın altı il əvvəl Azərbaycan qarşısında yaşanan hərbi məğlubiyyətdən sonra hökumətin sülh sazişi istiqamətindəki addımlarına münasibətini göstərəcək.

Keçirilən sorğulara əsasən, Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi iqtidardakı "Vətəndaş Müqaviləsi" Partiyası 32 faizədək seçici dəstəyi ilə mübarizədə öndədir. Rusiya yönümlü "Güclü Ermənistan" Partiyası isə təxminən 11 faiz səs toplamaqla ikinci yerdə qərarlaşıb.

2018-ci ildə hakimiyyətə gəldiyi vaxtdan bəri Ermənistanın xarici siyasətini Qərbə doğru yönəldən N.Paşinyan ölkəsini ənənəvi hamisi sayılan Rusiyadan uzaqlaşdırıb. Bu addımlar seçkiərəfəsi dövrdə rəsmi Moskvanın kəskin reaksiyasına səbəb olub.

Qeyd edək ki, keçmiş jurnalist və müxalif fəal olan N.Paşinyanın hakimiyyəti dövründə Ermənistanda adambaşına düşən ümumi daxili məhsulun (ÜDM) həcmi iki dəfə artıb.

 

Müxalifətin ittihamları və tənqidlər

N.Paşinyan xüsusilə Azərbaycanla 2020-ci ildə baş verən müharibədən sonra müxalifətin və cəmiyyətin müəyyən təbəqələrinin ciddi təzyiqləri ilə üzləşib. Bu tənqidlərin əsas hədəfi rəsmi Bakı ilə aparılan sülh danışıqlarıdır.

Baş nazir isə seçki kampaniyasını məhz sülh səyləri üzərində quraraq müxalifətə cavab verib. Bu prosesdə ən mühüm məqam 1980-ci illərin sonundan bəri dövri olaraq alovlanan münaqişədən sonra ötən avqust ayında Ağ Evdə Azərbaycanla imzalanan razılaşmadır.

Ermənistan müxalifətinə Rusiya yönümlü qruplar, o cümlədən ötən il rusiyalı erməni milyarder Samvel Karapetyan tərəfindən təsis edilən "Güclü Ermənistan" Partiyası rəhbərlik edir. S.Karapetyan Ermənistanın əsas enerji tədarükçüsü və ixrac bazarı olan Rusiya ilə sıx əlaqələrin qorunub saxlanmasını müdafiə edir.

Qeyd edək ki, ölkədə səsvermə yerli vaxtla saat 08:00-da başlayıb və saat 20:00-da başa çatacaq.

Dənizə çıxışı olmayan 3 milyon əhalili Ermənistanda təxminən 2,48 milyon qeydiyyatlı seçici var.

MƏNBƏ:TRT