SİYASƏT
2 dəqiqə oxuma
''ABŞ İranın raket hücumlarını dəf etmək üçün ölkəmizdəki hərbi bazalardan istifadə edə bilər''
Bu sözləri Böyük Britaniyanın Baş naziri Keir Starmer deyib
''ABŞ İranın raket hücumlarını dəf etmək üçün ölkəmizdəki hərbi bazalardan istifadə edə bilər''
Starmer: "ABŞ İran raketlərinə qarşı hücumlar üçün Britaniya bazalarından istifadə edə bilər" / AP
15 saat əvvəl

Böyük Britaniyanın Baş naziri Keir Starmer İranın Körfəz bölgəsində artan raket hücumlarından sonra bildirib ki, İngiltərə ABŞ-a ölkə ərazisində yerləşən hərbi bazalardan yalnız “xüsusi və məhdud müdafiə məqsədləri” üçün istifadə etməyə icazə verəcək.

Kir Starmer martın 1-də yaydığı bəyanatda qeyd edib ki, Vaşinqton bu icazəni "xüsusi və məhdud müdafiə məqsədləri" üçün tələb edib. Starmer qeyd edib ki, bu qərar İranın bölgəyə raket zərbələri endirməsinin, mülki şəxslərin ölümünə səbəb olmasının və Britaniya vətəndaşlarının həyatını təhlükəyə atmasının qarşısını almaq məqsədilə qəbul edilib.

Baş nazir Britaniyanın bu addımının müttəfiqlərin kollektiv özünümüdafiə prinsipinə və vətəndaşlarının təhlükəsizliyinin qorunmasına əsaslandığını bildirib. Bununla belə, Starmer Böyük Britaniyanın İrana qarşı birbaşa hücum əməliyyatlarında iştirak etməyəcəyini xüsusi vurğulayıb. O, bildirib ki, bu qərar düşünülmüş şəkildə qəbul edilib. Onun sözlərinə görə, regionda sabitliyin təmin olunması və gərginliyin azaldılması üçün ən doğru yol hərbi qarşıdurma deyil, danışıqlar və diplomatik həll variantlarıdır.

Böyük Britaniya hökumətinin rəsmi internet səhifəsində dərc olunan bəyanatda ölkənin mövcud böhranla bağlı hüquqi mövqeyi açıqlanıb. Baş nazir Kir Starmer bildirib ki, İran təhdidinin qarşısını almağın yeganə səmərəli yolu raketlərin mənbəyində məhv edilməsidir. Martın 1-də Fransa, Almaniya və Böyük Britaniya tərəfindən yayılan birgə bəyanatda isə qeyd olunub ki, Avropa dövlətləri lazım gələrsə, Körfəzdəki maraqlarını və müttəfiqlərini qorumaq üçün İrana qarşı "müdafiə tədbirləri" görməyə tam hazırdır.

Baş nazir Starmer həmçinin vurğulayıb ki, hazırda gərginliyin artdığı bölgədə sakinlər, turistlər və iş ezamiyyətində olanlar da daxil olmaqla ən azı 200 min Britaniya vətəndaşı var. O, İngiltərə vətəndaşlarına Xarici İşlər Nazirliyinin xəbərdarlıqlarına ciddi əməl etməyə və qeydiyyatdan keçməyə çağırıb. Rəsmi tövsiyələrdə Bəhreyn, Küveyt, Qətər və Birləşmiş Ərəb Əmirliklərindəki Britaniya vətəndaşlarına dərhal təhlükəsiz sığınacaq tapmaları tapşırılıb. Starmer bildirib ki, İrandan gələn təhdidlər regionda xidmət edən Britaniya Silahlı Qüvvələrinin şəxsi heyəti üçün də ciddi risk yaradır.