SİYASƏT
3 dəqiqə oxuma
Tramp İranla görüşün Qətərdə keçiriləcəyini bildirsə də, İran birbaşa danışıqları rədd edir
Vaşinqton və Tehran Dohaya heyətlərin göndərildiyini bildirsələr də, səfərin vaxtı və məqsədi də daxil olmaqla bir çox digər detallarla bağlı ziddiyyətli açıqlamalar verilir
Tramp İranla görüşün Qətərdə keçiriləcəyini bildirsə də, İran birbaşa danışıqları rədd edir
Hörmüz boğazı (Reuters)

ABŞ Prezidenti Donald Tramp Tehranın Yaxın Şərqdəki ABŞ-İsrail müharibəsinə son qoymağı hədəf götürən razılaşma çərçivəsində Vaşinqtonla hər hansı birbaşa müzakirə planlaşdırılmasını təkzib etməsinə baxmayaraq, İranın çərşənbə axşamı Qətərdə görüş tələb etdiyini söyləyib.

Ölkələrin müharibəni dayandırmaq və həyati önəmə sahib Hörmüz boğazını yenidən açmaq istiqamətindəki ilkin razılaşması qarşıdurmalar səbəbindən dəfələrlə kəsilib. Həmçinin tərəflərin bir-biri ilə ziddiyyət təşkil edən iddiaları ucbatından da daimi olaraq kölgədə qalıb.

Trampın iyunun 29-da "Truth Social" platformasında Dohada İranla görüş keçirildiyinə dair paylaşımından dərhal sonra onun sözçüsü "Fox News"a verdiyi açıqlamada ABŞ təmsilçisi Stiv Vitkof ilə Trampın məsləhətçisi və kürəkəni Cared Kuşnerin "bu həftə yüksəksəviyyəli görüşlər üçün Dohaya gedəcəklərini" bildirib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi isə iyunun 29-da ölkənin öz ekspertlərindən ibarət bir heyətin bu həftə Dohaya gedəcəyini söyləyərək, amerikalılarla hər hansı bir iclasın keçirilməsini qətiyyətlə rədd edib.

Bəqayi "Hələlik yekun razılaşmanı müzakirə etmək mərhələsinə keçməmişik. Qarşıdan gələn günlərdə ABŞ tərəfi ilə heç bir səviyyədə müzakirə görüşümüz olmayacaq" ifadələrini işlədib.

Hörmüz müzakirələri

İranın olduqca strateji əhəmiyyətə malik bu boğaz üzərindəki nəzarəti təkrarlanan gərginliklərə Səbəb olub. Axırıncı gərginlik isə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) "İranın kommersiya gəmilərinə yönəlmiş davamlı təcavüzkar addımları" əsası ilə İrana məxsus 10 hərbi hədəfi vurduğunu açıqlaması ilə iyunun 28-də erkən saatlarda baş verib.

Tehran, Küveyt və Bəhreyndəki ABŞ bazalarına hücumlar təşkil edərək cavab verdiyini bildirib.

Blokada müzakirələrdə hələ də kilid bir tıxac nöqtəsi olaraq qalmaqdadır.

Münaqişədən əvvəl dünya neftinin və mayeləşdirilmiş təbii qazının beşdə birinin keçdiyi boğazda İran və Omanın sahili var. Tehran isə iyunun 29-da verdiyi açıqlamada razılaşma əldə olunandan bəri ilk görüşlərini keçirdiklərini bəyan edib.

İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi "X" platformasında etdiyi paylaşımda "Maskat səfəri zamanı Müştərək Hörmüz Komitəsinin ilk iclası keçirildi" ifadələrindən istifadə edib.

Hörmüz boğazı Oman və İranın ərazi sularını əhatə edir; lakin beynəlxalq hüquqa görə bu iki ölkə qayda olaraq, keçidi əngəlləmək və ya keçid rüsumu tələb etmək hüququna malik deyil.

İran iyunun 29-da xəbərdarlıq edib ki, gəmilərin Hörmüz vasitəsilə ölkənin üstünlük verdiyi marşrutdan yan keçməyə çalışması Yaxın Şərqdə "gərginliyi artıracaq".

İran boğazı keçən gəmilərin öz sahillərinə yaxın bir koridordan keçməsini şərt qoyur.

Anlaşma memorandumunun necə tətbiq olunacağı qeyri-müəyyənliyini qoruyur; Tehran xüsusilə minalardan təmizləmə mövzusunda həssas davranır.

Fransa Prezidenti Emmanuel Makron ilə Oman Sultanı Heysəm bin Tariq arasındakı görüşdən sonra yayımlanan birgə bəyanatda Paris və Məsqətin ortaq minalardan təmizləmə əməliyyatları aparacağı qeyd olunub.

Buna cavab olaraq Qəribabadi, razılaşmaya əsasən yalnız İranın minalardan təmizləmə işləri aparacağını israrla vurğulayaraq, "Vəziyyət həssas və mürəkkəbdir. Fransaya provokasiyaları ilə vəziyyəti daha da mürəkkəbləşdirməməyi şiddətlə tövsiyə edirik" paylaşımını edib.

Boğazda fəallıq azalıb

Dənizçilik izləmə firması "Kpler"in məlumatlarına görə, həftəsonu su yolundan keçən bir gəminin qəzaya uğramasından sonra hərəkətlilik zəifləyib; şənbə günü 29, bazar günü isə 12 ticarət (əmtəə) gəmisi boğazdan keçib.

"Kpler" məlumatlarına əsasən, Oman sularındakı cənub koridorundan heç bir gəmi istifadə etməyib, digər bir izləmə sistemi olan "AXSMarine" isə 44 gəminin koordinat məlumatlarını açıq şəkildə ötürməyi dayandırdığını müəyyən edib.

Bu ay elan edilən ABŞ-İran anlaşma memorandumunun dərc olunmuş mətnində qeyd edilir ki, İran boğazın gələcək idarəçiliyini Oman və digər Körfəz ölkələri ilə dialoq çərçivəsində, lakin beynəlxalq hüquqa "uyğun" şəkildə müəyyənləşdirəcək.

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) boğazdakı hərəkətliliyi nəzarət altına almaq üçün tədbirlər gördüklərini və bu qaydaları pozan gəmilərə qarşı əvvəlkinə nisbətən daha sərt rəftar ediləcəyini bildirib.

İranın Ali Rəhbərinin müşaviri Məhəmməd Möhbər "X" platformasında etdiyi paylaşımda yazıp ki, İran boğazı idarə etdiyi müddətdə Vaşinqtonun "bölgədəki hegemonluq xəyalları reallaşmayacaq".