Nigeriyanın şimal-qərbində yerləşən Zamfara əyalətindəki kəndə edilən silahlı hücum nəticəsində azı 50 nəfər həyatını itirib, çox sayda qadın və uşaq isə girov götürülüb. Yerli əhalinin "quldur" adlandırdığı terrorçu qruplaşmalar Tungan Dutse kəndində qaçmağa çalışan mülki şəxslərə atəş açıb və evləri yandırıblar. Hadisəni Zamfara Dövlət Məclisinin üzvü Hamisu Faru da təsdiqləyib.
Yerli hakimiyyət orqanları hazırda girov götürülən şəxslərin dəqiq sayını müəyyənləşdirməyə çalışır.
Bu son zorakılıq dalğası minlərlə insanın yurd-yuvasından didərgin düşməsinə səbəb olub. Xüsusilə Zamfara əyalətinin də daxil olduğu şimal-qərb bölgəsində təhlükəsizlik vəziyyəti kritik həddə çatıb. Bölgə uzun müddətdir silahlı dəstələrin hücumları, adam oğurluğu və kütləvi qətllərlə mübarizə aparır.
Nigeriya hökuməti böhranın qarşısını almaq üçün bölgəyə əlavə qoşun yerləşdirib. Eyni zamanda, texniki dəstək və kəşfiyyat məlumatlarının mübadiləsi istiqamətində ABŞ daxil olmaqla beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edilir. Bununla belə, silahlı cinayətkar dəstələrin və üsyançı qrupların fəaliyyəti davam edir və bu da bölgədə vəziyyətin gərgin qalmasına səbəb olur.












