DÜNYA
2 dəqiqə oxuma
ABŞ və Hindistan müdafiə sahəsində əməkdaşlıq haqqında çərçivə sazişi imzalayıblar
Oktyabrın 31-də ABŞ müdafiə naziri Pete Heqset və Hindistan müdafiə naziri Rajnat Sinq Malayziyanın Kuala Lumpur şəhərində keçirdikləri birgə mətbuat konfransında sazişi açıqlayıblar
ABŞ və Hindistan müdafiə sahəsində əməkdaşlıq haqqında çərçivə sazişi imzalayıblar
ABŞ və Hindistan müdafiə sahəsində əməkdaşlıq haqqında çərçivə sazişi imzalayıblar
31 oktyabr 2025

ABŞ və Hindistan müdafiə sahəsində əməkdaşlıq haqqında çərçivə sazişi imzalayıblar.

Oktyabrın 31-də ABŞ müdafiə naziri Pete Heqset və Hindistan müdafiə naziri Rajnat Sinq Malayziyanın Kuala Lumpur şəhərində keçirdikləri birgə mətbuat konfransında sazişi açıqlayıblar.

Saziş rəsmi Vaşinqtonun Hind-Sakit Okean bölgəsinə uzunmüddətli öhdəliyinin bir hissəsi olaraq, Çinin hərbi genişlənməsi və regional təsiri ilə bağlı artan gərginlik fonunda bağlanıb.

ABŞ müdafiə naziri Pete Heqset deyib: "Bu hər iki ölkənin ordusu üçün əhəmiyyətli bir addımdır. Bağlanan saziş daha dərin və mənalı əməkdaşlıq üçün yol xəritəsidir’’.

O, həmçinin vurğulayıb ki, Vaşinqton və Yeni Dehli arasındakı tərəfdaşlıq qarşılıqlı etimad və ortaq maraqlar üzərində qurulub.

Hindistan müdafiə naziri Rajnat Sinq çərçivə sazişini alqışlayaraq iki ölkə arasında artan strateji uyğunluğu və regionda sülhün və təhlükəsizliyin qorunmasına sadiqliklərini vurğulayıb.

Sinq deyib: "Üç dəfə telefon əlaqəsi saxladıq. Sizi şəxsən görməkdən məmnunam. Müdafiə sahəsində çərçivə sazişinin imzalanması ilə bu gün yeni bir mərhələnin başlayacağını düşünürəm. Əminəm ki, Hindistan-ABŞ münasibətləri sizin rəhbərliyiniz altında daha da güclənəcək’’.

Məlumata görə, saziş Hindistanın Baş naziri Narendra Modinin Vaşinqtona səfəri zamanı Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşü zamanı razılaşdırılıb. Hər iki lider fevralın ortalarında iqtisadi və müdafiə sahələrində ikitərəfli münasibətlərin gücləndirilməsinə sadiqliklərini göstərmək üçün addımlar atıblar.

Lakin Ukraynadakı müharibə və Yeni Dehlinin Rusiyadan neft və müdafiə avadanlıqları alması iki ölkə arasındakı münasibətlərdə müəyyən gərginliklər yaradıb.

Çərçivə sazişinin müdafiə məhsullarının və xidmətlərinin daha asan alınması, satınalma proseslərinin sadələşdirilməsi və ABŞ və Hindistan qüvvələri arasında daha çox qarşılıqlı əlaqənin təşviqi məqsədini daşıdığı bildirilir.