NATO Qara dənizdə gəmilərə qarşı edilən hücumlardan sonra bölgəyə müşahidə, kəşfiyyat və tibbi-kriminalistik araşdırma dəstəyi də daxil olmaqla əlavə qüvvələr göndəriləcəyini bildirib.
NATO-nun mətbuat katibi Allisson Hart “X” sosial media platformasındakı hesabında etdiyi paylaşımda üzv ölkələrin daimi nümayəndələrini bir araya gətirən Şimali Atlantika Şurasının Qara dənizin təhlükəsizliyini müzakirə etmək üçün toplandığını qeyd edib.
A. Hart NATO-nun pilotsuz uçuş aparatlarına (PUA) qarşı mübarizə imkanları da daxil olmaqla şərq cinahındakı mövqeyini gücləndirdiyini ifadə edərək, Alyansın Qara dənizə müşahidə, kəşfiyyat və məhkəmə-tibbi araşdırma dəstəyini ehtiva edən əlavə qüvvələr göndərəcəyini bildirib.
NATO-nun mətbuat katibi həmçinin, "Birlik içində hərəkət etməyə, hər cür təhdidə qarşı durmağa hazır və qadir olduğumuzdan əmin olmağa və bir milyard insanımızın təhlükəsizliyini təmin etməyə davam edəcəyik" ifadəsini işlədib.
Qara dənizdə bir müddətdir ki, ticarət gəmilərinə qarşı hücumlar təşkil edilir.
Oktyabrın 13-də Bolqarıstanın Qara dəniz sularında iki gəmi pilotsuz uçuş aparatı (PUA) ilə hücuma məruz qalmış, gəmilərdən biri batmışdı.
Son olaraq Rumıniyanın Qara dəniz sahili sularında San-Marino və Komor adaları bayraqlı 2 ticarət gəmisinə PUA ilə hücum təşkil edilmişdi. San-Marino bayraqlı gəmidə olan 12 nəfərlik heyətdən 5-nin xilas edildiyi, 7-nin itkin düşdüyü qeyd edilərkən, Komor adaları bayraqlı gəminin heyətinin isə təxliyə edildiyi və əmin-amanlıq içində olduğu bildirilmişdi.





















