ABŞ hüquq-mühafizə orqanlarının rəsmi açıqlamasına görə, Braun Universitetində iki nəfərin həyatını itirdiyi silahlı hücumun əsas şübhəlisi Nyu Hempşir ştatında yerləşən bir anbarda iki odlu silahla birlikdə ölü halda aşkar edilib. Providens Şəhər Polis İdarəsinin rəisi Oskar Peres bildirib ki, universitetdə törədilən hücumun şübhəlisi 48 yaşlı Portuqaliya vətəndaşı Klaudio Neves-Valente olub və ilkin istintaq nəticələrinə əsasən, o, intihar edib.
Federal və ştat səviyyəsində aparılan araşdırmalar zamanı hüquq-mühafizə orqanları Neves-Valentenin eyni zamanda Massaçusets ştatının Boston şəhərində yerləşən yaşayış evində Massaçusets Texnologiya İnstitutunda (Massachusetts Institute of Technology – MIT) işləyən bir fizika aliminin qətlə yetirilməsində də əsas şübhəli olduğunu bildiriblər. Polis rəsmiləri Providens şəhərində aparılan istintaq çərçivəsində iki hadisə arasında əlaqənin müəyyən edildiyini, lakin hücumların motivlərinin hələlik tam aydınlaşdırılmadığını qeyd ediblər. Əlavə detalların Boston şəhərində keçiriləcək mətbuat konfransında açıqlanacağı gözlənilir.
Xatırladaq ki, silahlı hücum dekabrın 13-də Rod-Aylend ştatının Providens şəhərində, imtahan sessiyası davam edən vaxt Braun Universitetinin kampusunda baş verib. Tüfənglə silahlanmış şəxs universitet ərazisində yerləşən binalardan birinə daxil olaraq atəş açıb, iki tələbəni qətlə yetirdikdən sonra hadisə yerindən qaçıb.
Həyatını itirənlərin Braun Universitetinin Respublikaçı Tələbə Təşkilatının sədr müavini Ella Kuk və Özbəkistan əsilli, gələcəkdə beyin cərrahı olmağı hədəfləyən Məhəmməd Əziz Umurzokov olduğu açıqlanıb. Providens şəhərinin meri Brett Smiley yaralılardan birinin vəziyyətinin ağır, lakin stabil olduğunu, beş nəfərin müalicə aldığını, iki nəfərin isə xəstəxanadan buraxıldığını bildirib.
İstintaqın ilkin mərhələsində polis hücumçunun yerini müəyyənləşdirməkdə çətinlik çəkib və ictimaiyyətə təkcə bəzi müşahidə kameralarının görüntülərini təqdim edib. Hadisə ilə əlaqədar saxlanılan bir nəfər isə sonradan sərbəst buraxılıb.
Braun Universiteti kampus ərazisində mövcud olan 1 200 təhlükəsizlik kamerasının polis nəzarət sisteminə inteqrasiya edilməməsi səbəbilə təhlükəsizlik tədbirləri ilə bağlı tənqidlərə məruz qalıb. Məsələ ilə bağlı ABŞ prezidenti Donald Tramp da açıqlama verib.
“Gun Violence Archive” təşkilatının məlumatına əsasən, ABŞ-də cari ilin əvvəlindən bu günədək 300-dən çox kütləvi silahlı hücum qeydə alınıb. Təşkilat dörd və ya daha çox şəxsin güllələndiyi hadisələri bu kateqoriyaya aid edir. Silahlara çıxışın məhdudlaşdırılması ilə bağlı təşəbbüslər isə ölkədə mövcud siyasi fikir ayrılıqları səbəbilə irəliləyiş əldə edə bilmir.









