Türkiyə Respublikası Milli Kəşfiyyat Təşkilatı (MİT) keçirdiyi əməliyyat tədbirləri nəticəsində iki fərqli xarici kəşfiyyat xidmətinə işləyən casusluq şəbəkəsinin üzvü olan 9 nəfəri tək-tək müəyyən edib. MİT-in Ankara Respublika Baş Prokurorluğu və Ankara Terrorla Mübarizə Şöbə Müdirliyinin (TEM) xüsusi qrupları ilə birgə apardığı təhqiqat çərçivəsində 4 vilayətdə eyni vaxtda əməliyyat keçirilib.
Əməliyyat zamanı agent şəbəkəsinin rəhbəri B.E. də daxil olmaqla 7 nəfər saxlanılıb. Şəbəkəyə daxil olan daha 2 nəfərin isə başqa cinayətlərə görə həbsxanada olduğu müəyyən edilib. Casusluq ittihamı ilə mühakimə olunmaq üçün məhkəmə orqanlarına sövq edilən 7 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.
Strateji Əməliyyat
B.E. və casusluq şəbəkəsinin digər üzvləri Türkiyədəki qeyri-hökumət təşkilatları (QHT), dərnəklər, etnik qruplar və dövlət məmurlarına dair mühüm məlumatları toplayaraq xarici kəşfiyyat xidmətlərinə ötürürmüşlər.
Şəbəkə üzvlərinin şübhəli fəaliyyətləri MİT-in diqqətini çəkib. Bundan sonra genişmiqyaslı kəşfiyyat əməliyyatına başlanılıb. B.E. və təşkilatın digər üzvlərinin fəaliyyətləri fiziki təqib, kiberizləmə və texniki dinləmə üsulları ilə sistemli şəkildə nəzarətə götürülüb. Zaman keçdikcə şəbəkənin xarici kəşfiyyat orqanları ilə qurduğu rabitə əlaqələri, hesabatvermə üsulları, ödəniş mexanizmləri və tapşırıq təlimatları tamamilə qeydə alınıb.
B.E. və onun rəhbərlik etdiyi şəbəkə uzun müddət öz fəaliyyətlərinin gizli və nəzarətdən kənar olduğunu zənn edərək casusluq fəaliyyətlərini davam etdirib.
MİT-in uzun sürən kəşfiyyat işləri nəticəsində Türkiyə əleyhinə casusluq fəaliyyəti göstərən şəbəkənin mərkəzində dayanan B.E. başda olmaqla, qruplaşmanın təşkilati strukturu bütövlükdə ifşa edilib.
MİT-dən böyük qələbə
Bu əməliyyatla təkcə şəbəkə üzvlərinin kimliyi deyil, həm də xarici kəşfiyyat xidmətinin Türkiyədəki şəbəkə strukturu, rabitə protokolları və strateji hədəfləri üzə çıxarılıb. MİT əməliyyat prosesində əldə etdiyi məlumatlarla həm milli təhlükəsizliyin qorunmasını təmin edib, həm də xarici xidmətlərin fəaliyyət üsullarını təfərrüatlı şəkildə təhlil edib.

















