Bu gün (8 noyabr 2025-ci il) Azərbaycan Respublikasında Zəfər Gününün beşinci ildönümü qeyd olunur.
İkinci Qarabağ müharibəsində 44 gün ərzində öz torpaqlarını işğaldan azad edən Azərbaycan ordusu xalqın uzun illər davam edən vətən həsrətinə son qoydu.
Ermənistan Sovet İttifaqının dağılmasından sonra işğal etdiyi Qarabağ və ətraf rayonlardan 30 il ərzində Azərbaycan hərbçilərinə və mülki əhaliyə qarşı davamlı hücumlar həyata keçirdi.
Ermənistan ordusunun mülki şəxslərə qarşı hücumlarını getdikcə artırması və 2020-ci il sentyabrın 27-də təmas xəttində yerləşən kəndləri ağır silahlarla atəşə tutması Ermənistanın təcavüzkar siyasətinin son mərhələsi oldu. Belə ki, Azərbaycan ordusu həmin gün Prezident İlham Əliyevin əmri ilə əks-hücuma başladı.
Bir müddət sonra Azərbaycan üçün “Vətən müharibəsi”nə çevrilən əməliyyat hərəkatı 44 gün davam etdi. Azərbaycan ordusu 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad etdi.
Bu müharibədə Azərbaycan ordusundan 2 min 908 hərbçi şəhid edildi, Ermənistanın hücumları nəticəsində 94 mülki vətəndaş həlak oldu.
Azərbaycan ordusunun 2020-ci il noyabrın 8-də Qarabağın “göz bəbəyi” olan Şuşanı azad etməsindən sonra Ermənistan məğlubiyyəti qəbul etdi. Azərbaycan, Ermənistan və Rusiya arasında 2020-ci il noyabrın 10-da müharibəni dayandıran üçtərəfli bəyanat imzalandı.
Bəyanata əsasən Ermənistan ordusu Ağdam, Kəlbəcər və Laçın rayonlarını da tərk etməyə məcbur oldu.
Prezident İlham Əliyev Azərbaycan hərbçilərinin Şuşanı azad etdiyini açıqlayaraq xalqı təbrik etdi. O vurğulamışdı ki, bu gün Azərbaycan tarixində mühüm bir gün olaraq qalacaq:
“Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq. Biz səni dirçəldəcəyik! Şuşanın Azərbaycan tarixində xüsusi yeri var. Şuşa təkcə Azərbaycanın deyil, bütün Qafqazın incisidir. 28 ildən sonra Şuşada azan səsi eşidiləcək.”
Qeyd edək ki, Şuşa şəhəri həm Azərbaycan tarix və mədəniyyətinin ən mühüm simvollarından biridir, həm də bölgəyə hakim coğrafi mövqeyi və Qarabağın ən böyük şəhəri olan Xankəndinə gedən yolda yerləşməsi səbəbilə strateji əhəmiyyət daşıyır.
Zəfər Günü 8 noyabr olaraq dəyişdirildi
Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın məğlubiyyəti qəbul etdiyi 10 noyabr tarixini “Zəfər Günü” elan etmişdi.
Lakin bu tarix Mustafa Kamal Atatürkün vəfat gününə təsadüf etdiyindən, Zəfər Günü Şuşanın işğaldan azad edildiyi 8 noyabr tarixi ilə əvəz olundu.
İ.Əliyev həmçinin Azərbaycan ordusunun torpaqları azad etmək üçün əməliyyatlara başladığı gün olan 27 sentyabrı şəhidlərin “Anım Günü” kimi müəyyən etdi.
Qarabağda “Bayraktar” küləyi
İkinci Qarabağ müharibəsində Azərbaycan ordusu Ermənistan işğalçılarına qarşı pilotsuz uçuş aparatlarını (PUA) geniş şəkildə tətbiq etdi.
Ermənistan ordusuna məxsus çox sayda silah və sursat Azərbaycan ordusunun PUA-ları ilə məhv edildi. PUA-larla çəkilmiş döyüş görüntüləri Azərbaycanda böyük sevinc doğurarkən, Ermənistan tərəfində ciddi psixoloji çöküş yaratdı.
“Baykar” tərəfindən yerli və milli istehsal olaraq hazırlanan “Bayraktar TB2” PUA-ları Azərbaycanın Qarabağ üzərindəki işğala son qoymasında mühüm rol oynadı.
Azerbaycan ordusu əməliyyat zamanı “Bayraktar TB2” PUA-larını bütün cəbhə xətti boyunca tətbiq etdi. Analitiklər tərəfindən təsdiqlənmiş məlumatlara əsasən, “Bayraktar TB2”lər Ermənistan ordusuna məxsus çoxlu sayda hava hücumundan müdafiə sistemi, radar qurğusu, tank, zirehli texnika, yük maşını, sursat anbarı, mövqe və canlı qüvvəni məhv edib.
Azərbaycan ordusunun dünyanı heyrətləndirən bu uğuru dünya mediası və müdafiə ekspertləri tərəfindən yüksək qiymətləndirildi və Türkiyə PUA-larının hərb tarixini dəyişdirərək “oyunqurucu gücə” çevrildiyi bildirildi.
Prezident İlham Əliyev təkcə Türkiyə PUA-larının Ermənistan ordusuna vurduğu ziyanın 1 milyard ABŞ dolları olduğunu açıqladı.
“Baykar” istehsalı PUA-lar Azərbaycanın Qarabağ zəfərində mühüm rol oynadığı üçün, ölkə başçısı İ.Əliyev “Baykar” şirkətinin texniki rəhbəri Selçuk Bayraktarı “Qarabağ Ordeni” ilə təltif etdi.
Prezident R.T.Ərdoğan: “Azərbaycan tək deyil”
Müharibənin ilk anlarından etibarən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla, Türkiyə rəsmiləri ardıcıl şəkildə Azərbaycanın yanında olduqlarını bəyan etdilər. Türkiyə üçüncü ölkələri Azərbaycanın haqq savaşına müdaxil olmamaları barədə xəbərdar etdi.
Türkiyənin bu dəstəyi Azərbaycan xalqına və ordusuna böyük mənəvi güc verdi.
Prezident İlham Əliyev Qarabağla bağlı hər çıxışında R.T.Ərdoğanın “Azərbaycan tək deyil” sözlərinin üçüncü tərəflərin müharibəyə qarışmasının qarşısını aldığını vurğulayaraq, Türkiyənin dəstəyini heç vaxt unutmayacaqlarını qeyd etdi.


















