Fransa prezidenti Emmanuel Makron “Africa Forward” biznes forumunun bağlanış sessiyasındakı çıxışı zamanı son 25 ildə ölkəsinin Afrikadakı nüfuzunun “sarsıldığını” qeyd edib. Buna görə məsuliyyətin onilliklər ərzində laqeydlik və təkəbbür nümayiş etdirən Fransa qurumlarının və şirkətlərinin üzərinə düşdüyünü bildirib.
E.Makron Fransa şirkətlərinin və administrasiyalarının Afrika ölkələri ilə olan tarixi əlaqələrə həddindən artıq güvəndiklərini və bu səbəbdən rəqabət qabiliyyətlərini qoruya bilmədiklərini qeyd edib. O, deyib: “Onlar fransalı olmağın hər qapını öz-özünə açan imtiyazlı bir sahə olduğuna inanırdılar.”
E.Makron Afrika ölkələrinin daha rəqabətqabiliyyətli tərəfdaşlara yönəlməklə rasional iqtisadi seçim etdiklərini bildirərək, rəsmi Ankara və Pekin rəhbərliyinin qitə miqyasında artan rolunu xüsusi qeyd edib.
Fransa ölkə başçısı Afrikanın artıq ancaq yardıma əsaslanan və ya xarici güclərin Afrika bazarları üçün həll yolları diktə etdiyi modeli qəbul etmədiyini diqqətə çatdırıb.
Həmçinin Fransa prezidenti ölkəsini ancaq yardım göstərməyə əsaslanan bir məntiqdən imtina etməyə, bunun əvəzinə bərabərlik və tərəfdaşlığa söykənən münasibətlər modelini mənimsəməyə səsləyib.
Yeni yanaşmanın Afrika ölkələri ilə “birgə investisiya, birgə istehsal və birgə innovasiya” üzərində qurulmalı olduğunu ifadə edən E.Makron həmçinin Afrikanın güclü iqtisadi potensialını vurğulayaraq, qitənin son illərdəki artım tempinin Cənub-Şərqi Asiyanı geridə qoyduğunu qeyd edib.












