Avropa Komissiyasının yaydığı bəyanatda Avropanın mürəkkəb böhranlarla üzləşdiyi bildirilir.
Bəyanata əsasən, Bərabərlik, Hazırlıq və Böhranların İdarə Edilməsi üzrə Avropa Komissarı Hədca Ləhbib Brüsseldə keçirilən 9-cu Avropa Mülki Müdafiə Forumunda vətəndaşların fövqəladə hallara hazırlanması ilə bağlı yeni təlimatı diqqətə çatdırıb.
Yeni təlimata əsasən, vətəndaşlar dövlət yardımı çatana qədər – ilk üç gün ərzində öz əsas ehtiyaclarını müstəqil qarşılamağa hazır olmalıdırlar.
Təşəbbüs çərçivəsində fövqəladə hallara hazırlığın məktəbəqədər və ibtidai təhsil proqramlarına daxil edilməsi, müəllimlər üçün xüsusi təlimlərin keçirilməsi və əlilliyi olan şəxsləri də əhatə edən inklüziv hazırlıq tədbirlərinin görülməsi təklif olunur. Sənəddə həmçinin vurğulanır ki, aidiyyəti qurumlar böhran zamanı vətəndaşları dəqiq və etibarlı məlumatla təmin etməlidir.
Fövqəladə hallara hazırlıq məsələsini Avropa miqyasında diqqət mərkəzində saxlamaq üçün 23 oktyabr tarixinin "Aİ Hazırlıq Günü" kimi qeyd olunması planlaşdırılır.





















