SİYASƏT
2 dəqiqə oxuma
İndoneziyada baş verən torpaq sürüşməsində ölənlərin sayı 64-ə çatıb
Ölkənin çətin relyefi davam edən axtarış-xilasetmə işlərini xeyli çətinləşdirdiyi bildirilir
İndoneziyada baş verən torpaq sürüşməsində ölənlərin sayı 64-ə çatıb
İndonezyada baş verən torpaq sürüşməsində ölənlərin sayı 64-ə çatıb / Reuters
1 fevral 2026

İndoneziyada ötən həftə baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 64-ə yüksəlib. Qərbi Yava bölgəsində, 16 nəfərin itkin düşdüyü ərazidə axtarış və xilasetmə əməliyyatları səkkizinci gündürki davam edir.

Yanvarın 31-də ərazidən daha dörd cəsəd aşkarlanıb və təsdiqlənmiş ölənlərin sayı 64-ə çatıb. Təxminən 16 nəfər hələ də itkin hesab olunur. Bu barədə Bandunq Axtarış Xilasetmə Agentliyinin rəhbəri Ade Dian Permana məlumat verib.

Onun sözlərinə görə, axtarış əməliyyatları səkkizinci gündə iz axtaran itlər və ağır texnika cəlb edilməklə davam etdirilir, ümumilikdə 3.675 nəfər şəxsi heyət əməliyyatlara cəlb edilib.

Bildirilir ki, indiyədək 49 cəsədin şəxsiyyəti müəyyən edilərək ailələrinə təhvil verilib. Həmçinin 75 nəfər təhlükəsiz şəkildə xilas olunub.

 

Palçıq və dağıntılar altında qalan evlər

Əldə olunan məlumata görə, yanvarın 24-də Bandunq Barat bölgəsində yerləşən bir kənddə torpaq sürüşməsi baş verib. Onlarla evi palçıq və dağıntılar altında qoyan bu torpaq sürüşməsi, ötən ilin sonlarında Sumatra adasında siklon mənşəli daşqınlar və torpaq sürüşmələrindən sonra qeydə alınmış ən böyük hadisədir. Xatırladaq ki, həmin vaxtı 1.200 nəfər həyatını itirmiş, bir milyondan çox insan isə məcburi köçkünə çevrilmişdi.

Qeyd edilir ki, axtarış-xilasetmə agentliyi Basarnas fövqəladə müdaxilə müddətini fevralın 6-dək daha yeddi gün uzadıb. Çətin relyefə malik və zərər çəkmiş ərazilərdə axtarış və xilasetmə işləri davam etdirilir.

Parlamentin bir komitəsi yanvarın 28-də Basarnasın maliyyələşdirilməsini azaldıb. Bu qərar, agentliyin üzləşdiyi fəlakətlərin sayının artması ilə bağlı narahatlıqlara baxmayaraq qəbul edilib.

MƏNBƏ:TRT