İranın xarici işlər naziri Abbas Əraqçı Birləşmiş Millətlər Təşkilatını (BMT) və Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ABŞ-nin İranın nüvə proqramı ilə bağlı məlumat verənlərə 20 milyon dollara qədər mükafat təklif etməsini pisləməyə çağırıb.
Əraqçı sözügedən cəhdin İranın nüvə obyektlərini və alimlərini təhlükəyə ata biləcəyi barədə xəbərdarlıq edib.
İranın rəsmi xəbər agentliyi IRNA-nın məlumatına görə, BMT Baş katibi Antonio Quterreşə, BMT Təhlükəsizlik Şurasının sədrinə və AMEA-nın Baş direktoru Rafael Qrossiyə məktub ünvanlayan Əraqçı noyabrın 10-da edilən bu elanı "iyrənc" olaraq qiymətləndirib və sözügedən cəhdin açıq şəkildə pislənməsini tələb edib.
Əraqçı ABŞ Dövlət Departamentinin "Ədalət üçün mükafat" (Rewards for Justice) proqramı vasitəsilə elan edilən və ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) tərəfindən də paylaşılan bu təklifin nüvə obyektləri, avadanlıqlar, alimlər və heyət haqqında məlumat toplamağı hədəflədiyini, həmçinin məlumat verən şəxslərə başqa yerə köçürülmə imkanı da təqdim etdiyini bildirib.
Vaşinqtonu İranın nüvə proqramına qarşı casusluğu təşviq etməkdə ittiham edən Əraqçı bu cəhdin nüvə alimlərini və texniki heyəti qəsd, təxribat və digər təhlükəsizlik təhdidləri ilə üz-üzə qoya biləcəyi barədə xəbərdarlıq edib.
İranın xarici işlər naziri Abbas Əraqçı BAEA-nın nəzarəti altında olan nüvə obyektlərinə dair məxfi məlumatların tələb edilməsinin agentliyin monitorinq sisteminin etibarlılığı və dürüstlüyü barədə ciddi suallar doğurduğunu müdafiə edib.
Nüvə obyektlərinin, heyətin və həssas məlumatların hücum və təxribat təhdidlərinə açıq olduğu bir mühitdə təhlükəsizlik nəzarəti öhdəliklərinin normal şəkildə yerinə yetirilməsinin gözlənilə bilməyəcəyini vurğulayıb.
Əraqçı, həmçinin Nüvə Silahlarının Yayılmaması Haqqında Müqavilənin (NPT) IV maddəsinin dövlətlərin nüvə enerjisini dinc məqsədlərlə inkişaf etdirmək və istifadə etmək hüququnu tanıdığını xüsusi qeyd edib.
İran XİN rəhbəri BMT Təhlükəsizlik Şurasını beynəlxalq sülh və təhlükəsizliyə ola biləcək fəsadları müzakirə etməyə və Vaşinqtonu qanunsuz hərəkətlərinə görə məsuliyyətə cəlb etməyə çağırıb.
Əraqçı, həmçinin Qrossini yoxlamalar zamanı toplanan məxfi məlumatları qorumağa, kəşfiyyat məqsədilə sui-istifadəsinin qarşısını almağa və məsələni BAEA İdarə Heyətinin müzakirəsinə çıxarmağa dəvət edib.























