Hindistanın Baş naziri Narendra Modi İsrailə rəsmi səfər edib. Bu səfər iki ölkə arasındakı münasibətləri dərinləşdirmək üçün mühüm fürsət kimi qiymətləndirilir.
Narendra Modi İsrailə ilk dəfə 2017-ci ildə səfər edib. O, həmçinin İsrailə səfər edən ilk Hindistan Baş naziri olub. Təxminən doqquz il sonra yenidən bir araya gələn və bir-birini "dost" adlandıran iki liderin bu dəfə süni intellekt və müdafiə sahəsində əməkdaşlığı, eləcə də İsrailin hərbi ixracatının artırılması məsələlərini müzakirə edəcəyi gözlənilir.
İsrail rəsmiləri bu səfərin bir çox sahədə yeni tərəfdaşlıqlara yol açacağını və ikitərəfli münasibətlərin inkişaf etməsinə fürsət yaradacağını bildiriblər. Narendra Modinin səfər çərçivəsində İsrail parlamentində çıxış etməsi və rəsmi Holokost abidəsi olan "Yad Vaşem"i ziyarət edərək əklil qoyması planlaşdırılır.
Modinin səfəri bölgədə gərginliyin yüksək həddə çatdığı bir vaxta təsadüf edir. Belə ki, ABŞ İrana qarşı mümkün hərbi müdaxilə ehtimalı ilə bölgəyə böyük dəniz qüvvələri yerləşdirib. Pentaqon həmçinin Aralıq dənizinə, İsrail sahillərinə doğru bir təyyarədaşıyan gəmi göndərib.
Ekspertlər bildirirlər ki, ABŞ-ın İrana hücumu Tehranın sərt qisasına səbəb ola bilər. Bu isə İsrail və ABŞ-ın Körfəz ölkələrindəki hərbi obyektlərini hədəf almaqla yanaşı, həmin bölgədə yaşayan, çalışan və ölkələrinə hər il milyardlarla dollar vəsait göndərən milyonlarla hindistanlı üçün ciddi təhlükə yaradır.
"Observer Research Foundation" beyin mərkəzinin təmsilçisi Kabir Taneja Yeni Dehlinin bölgədə münaqişə istəmədiyini vurğulayaraq deyib: "Əminəm ki, bu mesajlar əvvəllər də verilib və bu səfər zamanı da təkrar çatdırılacaq".
İsrail Xarici İşlər Nazirliyi də səfər çərçivəsində regional təhlükəsizlik məsələlərinin müzakirə olunacağını təsdiqləyib.











