Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında çıxış edən Qətərin Baş naziri Şeyx Məhəmməd bin Əbdürrəhman əl Sani bu həftə Dohaya edilən hücumu Qəzzada atəşkəs danışıqlarını pozmağa yönəlmiş açıq cəhd kimi qiymətləndirib. O, bildirib ki, İsrailin hücumları yalnız Qətəri deyil, eyni zamanda sülhə nail olmaq üçün çalışan bütün ölkələri hədəf alır.
Baş nazir deyib: "Bu cür hücumların davam etməsi təkcə Qətəri deyil, sülh üçün çalışan bütün ölkələri hədəf alır və BMT-yə olan etimadı sarsıdır".
Şeyx Məhəmməd bin Əbdürrəhman Əl Sani İsrailin bu həftənin əvvəlində Dohada olan ‘‘Həmas’’ müzakirəçilərinə təşkil etdiyi hücuma toxunaraq deyib:
"Bu hücum BMT-yə üzv olan bir ölkənin suverenliyinin açıq-aşkar pozulmasıdır. Bu, sülhə inanan dövlətlərə yaraşmayan, sivil davranışlardan uzaq bir hərəkətdir".
İnsident nəticəsində ‘‘Həmas’’ müqavimət hərəkatının beş üzvü və bir Qətər təhlükəsizlik əməkdaşı həlak olub. Hücum ABŞ-ın dəstəklədiyi atəşkəs təklifinin müzakirəsi zamanı baş verib.
Qətər lideri İsrailin bu addımı ilə “bölgəni güc yolu ilə yenidən formalaşdırmağa çalışdığını” vurğulayıb.
Şeyx Məhəmməd bin Əbdürrəhman Əl Sani həmçinin Dohanın vasitəçiliyə və mübahisələrin sülh yolu ilə həllinə sadiq qaldığını, lakin ölkəsinin təhlükəsizliyinə yönəlmiş təhdidlərə dözməyəcəyini bildirib.
O, İsrail rəhbərliyini Qəzzada soyqırım törətməkdə və bölgədə sabitliyi pozmaqda ittiham edərək onları ‘‘qana susamış ekstremistlər” adlandırıb. Onun sözlərinə görə, bölgədə sülhün təmin olunması üçün dərhal atəşkəs təmin olunmalı, girovlar azad edilməli, Qəzzaya humanitar yardımın girişi təmin edilməli və iki dövlətli həllə yönəlmiş addımlar atılmalıdır.
Eyni iclasda çıxış edən İordaniyanın xarici işlər naziri Ayman Safadi isə İsrail hökumətini "günahsızların qanına bulaşmış yaramaz rejim" adlandırıb. O, İsraili Qəzza xalqına qarşı aclıq siyasəti yürütməkdə, suverenliyi və beynəlxalq hüququ sistematik şəkildə pozmaqda ittiham edib..
Qeyd edək ki, rəsmi Doha 2012-ci ildən Vaşinqton və Təl-Əvivin tələbi ilə ‘‘Həmas’’ın siyasi ofisinə ev sahibliyi edir və dəfələrlə Misirlə birlikdə atəşkəs üçün vasitəçilik edib. İsrailin son hücumu bu səylərə kölgə salsa da, Qətər vasitəçilik fəaliyyətlərini davam etdirəcəyini bəyan edib.