Qəzza işğal altındakı İordan çayının qərb sahili və Livandakı xristian icmalarının acınacaqlı vəziyyəti Yaxın Şərqdə genişmiqyaslı münaqişələr fonunda aktual problemə çevrilib. İsrail soyqırım və işğalçılıq siyasətini davam etdirərkən, ərəb xristianları geniş miqyasda təqib, iqtisadi böhran və yerdəyişmə ilə üzləşirlər ki, bu da onların sağ qalmaları və mədəni irslərinin qorunub saxlanması ilə bağlı ciddi narahatlıq doğurur.
Zorakılığın insani dəyərləri heçə sayması ilə yanaşı, bir xalqın mədəni və dini mirasının həqiqi mənada məhv edilməsi də var. Livanın cənubunda İsrail qüvvələri xristian kəndi olan Deyr Mimasda kilsəyə qarşı hörmətsizlik edib, Suriya və Livanda ikinci ən qədim Yevangelist kilsəsini isə havadan bombardmanlar nəticəsində dağıdıb.
Bütün bunlar Baş nazir Benyamin Netanyahunun bölgədə qədim və tarixi köklərə malik etnik azlıqlar olan ərəb xristianlarını hədəfə almaq siyasətinin bir hissəsidir.
Bu arada, qeyri-qanuni israilli mühacirlər işğal altındakı İordan çayının qərb sahilində Fələstin xristianlarının torpaqlarını ələ keçirib və saysız-hesabsız ailələr evsiz qalıb. Bu duruma beynəlxalq müdaxilənin olmaması isə Fələstin xristianlarını sistematik yerdəyişmə və demoqrafik manipulyasiyaya qarşı təkbaşına mübarizə aparmağa məcbur edir. Bu hələ son deyil.
Netanyahunun demoqrafik planları
Netanyahunun siyasəti ərəb xristianların bilərəkdən marjinallaşdırıldığına dair narahatlıqları artırıb. Maliyyə naziri Bezalel Smotric tərəfindən təqdim edilən 2024-cü ilin məskunlaşma planı Guş Etzion blokundakı qeyri-qanuni İsrail yaşayış məntəqələrini Qüdslə birləşdirməyi və İordan çayının qərb sahilində qalan bir neçə xristian kəndi də daxil olmaqla Fələstin ərazisini işğal etməyi hədəfləyir.
Plan təkcə xristian sakinləri didərgin salmaqla kifayətlənmir, həm də bu ərazilərin dini və mədəni kimliyini də dəyişir. Məsələn, regionda xristianların nadir qalalarından biri olan Əl-Mahrur vadisi yaşayış məskənlərinin genişlənməsi nəticəsində yox olmaq təhlükəsi altındadır. Netanyahunun bu siyasətlərə qarşı səssiz qalması onun Fələstində xristianların mövcudluğunu silməklə hədələyən, köçkün və demoqrafiya strategiyasının günahkarlarına ortaqlıq etdiyini göstərir.
Beynəlxalq ictimaiyyət bu həyəcanverici hadisələrə səssiz qalır. BMT İsrailin Fələstin ərazilərini işğalını pisləyən qətnamələr qəbul etsə də, konkret sanksiyalar və ya koordinasiyalı tədbirlər görülməyib. Bu hesabatlılığın olmaması isə ərəb xristianlarına qarşı pozuntuların davam etməsinə imkan verir və beynəlxalq ictimaiyyətin insan haqlarının pozuntularına münasibətdə ikili standart nümayiş etdirdiklərini göstərir.
Bu vəziyyət zaman-zaman dünya liderlərinin diqqətini çəkib. Roma Papası Fransisk 2024-cü ilin sonunda Qəzzada “potensial” soyqırım kimi təsvir etdiyi hadisənin araşdırılmasına çağırıb. Lakin böhranı “potensial” kimi qələmə vermək acı reallığa qəbul etməmək anlamına gəlir. Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Netanyahu və digər İsrail rəsmiləri üçün verdiyi həbs qərarlarının da göstərdiyi kimi, ərəb xristianları insanlığa sığmayan cinayətlərlə, təqiblərlə üz-üzədirlər.
Xristianlara qarşı transmilli soyqırım gündəmi
Ərəb xristianların təqib olunması təkcə Qəzza və İordan çayının qərb sahili ilə məhdudlaşmır. Bu, Netanyahunun Qəzza soyqırımından əvvəl İsrail daxilində eyham vurduğu daha geniş “Ərəb məsələsi”nin bir hissəsi kimi görünən ərəb xristianlarını məhv etmək kimi transmilli strategiyasının tərkib hissəsi olaraq qalmaqdadır.
Xristianların əhalisinin yarıdan da azını təşkil etdiyi Livanda İsrailin hərbi əməliyyatları bir il ərzində xristianların çoxluq təşkil etdiyi əraziləri viran qoyub və bu həftəki atəşkəsdən əvvəl son iki ayda intensivləşib. Şərqi Beyrut və Livan dağının şimal sahilləri İsrailin bombardmanlarından ciddi ziyan görüb. Livanın xristian əhalisinin simvolları olan kilsələr dağıdılıb və cəmiyyətin mədəni və dini quruluşu aşınmaya məruz qalıb.
Diqqətəlayiqdir haldır ki, xristian bölgələrinə edilən bu hücumlar Hizbullahı hədəfə almaq kimi hərbi məqsədlərlə bağlı deyildi.
Aralarında Livan Qüvvələri Partiyasından Samir Geagea kimi tanınmış siyasi xadimlərin də olduğu bir çox livanlı xristianlar Hizbullahın hərəkətlərini açıq şəkildə pisləyiblər. Bu vəziyyət bombardmanların İsrailin milli təhlükəsizliyi üçün zəruri olduğuna dair iddiaları alt-üst edir və bunun əvəzinə ərəb xristianlarına qarşı qəsdən kampaniyaya işarə edir.
İsraildə daxili təqiblər
Ərəb xristianların üzləşdiyi problemlər İsrail sərhədləri daxilində yaşayanları da əhatə edir. Mərkəzi Qüdsdə yerləşən Rossing Təşkilatı 2024-cü il tarixli hesabatında əksəriyyəti ərəb mənşəli olan İsrail xristianlarını hədəf alan genişmiqyaslı təcavüz və əmlakın məhv edilməsini sənədləşdirib. Ultra-ortodoks sionist qruplar dini ibadətlərin dayandırılması da daxil olmaqla təhdid və zorakılıq hərəkətləri ilə məşğuldurlar.
İsrail hökuməti bu məsələlərin həllinə çox az maraq göstərir. Təcavüzkarlara qarşı tədbir görməməklə Netanyahu administrasiyası bu cür davranışlara səssizcə razılıq verir.
Bu laqeydlik İsrail ictimaiyyətində təkcə müsəlmanları deyil, həm də xristianları marginallaşdıran daha geniş sionist üstünlüyü gündəmini əks etdirir.
Ərəb xristianların sistematik şəkildə hədəfə alınması yəhudi olmayan icmaların köçürülməsi və ya yox edilməsi yolu ilə bölgədə yəhudi üstünlüyünü möhkəmləndirmək üçün daha geniş strategiyanın bir hissəsidir.
Beynəlxalq ictimaiyyət üçün bu vəziyyət İsrailin öz hərəkətlərinə görə məsuliyyət daşıması üçün mənəvi öhdəlikdir. Diplomatik təcrid, iqtisadi sanksiyalar və hərbi məhdudiyyətlər bu sui-istifadələrin qarşısını almaq və təsirə məruz qalmış kütlələr üçün ədaləti təmin etməkdə vacib vasitələrdir.
Təəssüflər olsun ki, qlobal reaksiyalar yetərsiz olaraq qalır. Qəzza, İordan çayının qərb sahili və Livandakı ərəb xristianlarının vəziyyəti onların hüquqlarını, maddi və mənəvi miraslarını qorumaq üçün vahid beynəlxalq reaksiyaya təcili ehtiyac olduğunu vurğulayır. Bu icmalar təkcə müharibə qurbanları deyil, həm də onların varlığını aradan qaldırmağa yönələn düşünülmüş siyasətin qurbanlarıdır.
Ərəb xristianları əsrlər boyu Yaxın Şərqin mədəni və dini mozaikasının tərkib hissəsi olublar. Bu icmaların qorunması təkcə ədalət məsələsi deyil, həm də regionun zəngin birgəyaşayış tarixinin sübutudur. Ən böyük sual isə, beynəlxalq ictimaiyyətin bu çətinliyin öhdəsindən gəlib-gəlməyəcəyi, yaxud da onların əzablarını görməzdən gəlməyə davam edib etməyəcəyidir.
















