TÜRKİYƏ
4 dəqiqə oxuma
Hakan Fidan: "Tələb olunarsa, Hörmüz boğazındakı mina təmizləmə işlərinə dəstək verə bilərik"
Hakan Fidan Hörmüz Boğazının yenidən açılmasının nüvə məsələsindən daha təxirəsalınmaz olduğunu bildirərək, ABŞ-İran danışıqları barədə nikbinliyini dilə gətirib
Hakan Fidan: "Tələb olunarsa, Hörmüz boğazındakı mina təmizləmə işlərinə dəstək verə bilərik"
Türkiyənin xarici işlər naziri Hakan Fidan [ARXİV]. / AA

Türkiyə xarici işlər naziri Hakan Fidan tərəflər tələb edəcəyi təqdirdə Hörmüz boğazındakı mina təmizləmə əməliyyatlarına töhfə verməyə hazır olduqlarını və ABŞ-İran görüşlərindəki irəliləyiş ilə bağlı nikbin olduğunu bildirib.

H.Fidan Cənubi Koreya səfəri zamanı Cənubi Koreyanın JTBC televiziya kanalına verdiyi müsahibədə deyib: "Əgər tərəflər arasında razılıq əldə olunarsa və ya bizdən mina təmizləmə prosesinə töhfə verməyimiz istənilsə, bunu məmnuniyyətlə edərik".

Nazir Türkiyənin Rusiya-Ukrayna müharibəsi də daxil olmaqla, münaqişələrin həllində ardıcıl prinsip izlədiyini qeyd edərək, "Müharibə edən tərəflər bir həll yolu üzərində razılaşdıqda, o həllin bir hissəsi ola biləcəyimizi düşündüyümüz və ya bizdən o həlli asanlaşdırmağımız istənildiyi təqdirdə, kömək etməyə hazırıq" deyib.

Hakan Fidan həm ABŞ-nin, həm də İranın gərginliyin azaldılmasını istədiyini bildirərək, münaqişənin başa çatması ilə bağlı nikbinliyini qoruduğunu söyləyib.

Türkiyə xarici işlər naziri ABŞ Prezidenti Donald Trampın İran ilə bir həftə ərzində anlaşma memorandumu imzalana biləcəyinə dair açıqlaması haqqındakı suala cavab olaraq, ehtiyatlı bir nikbinlik içində olduğunu bildirib.

H.Fidan "Mən nikbinəm, çünki hər iki tərəflə, vasitəçi Pakistan və regiondakı digər bəzi müvafiq tərəflərlə müntəzəm məsləhətləşmələr aparıram. Onların bir razılığa, bir anlaşmaya gəlmələrinə kömək etmək üçün əlimizdən gələni etməyə çalışırıq" deyib.

Nazir texniki detalların hələ həll olunmadığını, lakin hər iki tərəfin də layihə çərçivəsi üzərində ümumi olaraq razılaşdığını sözlərinə əlavə edib. "Ümid edirəm ki, çox yaxında yaxşı xəbərlər ala bilərik" deyib.

Nüvə qovluğu

Xarici işlər naziri Hakan Fidan Hörmüz Boğazı məsələsinin qlobal iqtisadi və humanitar təsirləri səbəbindən nüvə qovluğundan daha təxirəsalınmaz hala gəldiyini bildirib.

Hakan Fidan deyib: "Hörmüz boğazı ilxarici işlər naziri bağlı mövcud vəziyyətə görə ilk dəfə olaraq başqa bir mövzu daha təxirəsalınmaz hala gəlmiş və nüvə məsələlərindən daha vacib bir mövqeyə yüksəlmişdir”.

Uzunmüddətli bağlanmanın Afrikanın bəzi bölgələrində qida qıtlığına və daha geniş qlobal fəsadlara yol aça biləcəyi barədə xəbərdarlıq edən nazir həm Vaşinqtonun, həm də Tehranın daha geniş danışıqlardan əvvəl boğazın yenidən açılmasına prioritet vermək istədiyini söyləyib.

Nazir H.Fidan İsrailə işarə edərək, üçüncü bir tərəfin danışıqlara mane olduğunu qeyd edib və İsrailə diplomatiyanı dəstəkləməsi üçün beynəlxalq təzyiq göstərilməsi çağırışını edib.

"İsrail hazırda, ABŞ və İran arasında indiki vəziyyəti ilə bağlanacaq hər hansı bir sazişin İsrailin maraqlarına uyğun olmadığını düşünür. Buna görə də danışıqları pozmaq və ya sabotaj etmək üçün əllərindən gələni edirlər”, -deyə o qeyd edib.

Xarici işlər naziri beynəlxalq birliyin əlindəki ən güclü diplomatik vasitələrdən birinin, ötən il BMT Baş Assambleyasında Fələstin dövlətinin tam hüquqlu üzvlüyü üçün keçirilən səsvermədə 157 ölkənin lehinə səs verməsi ilə nümayiş etdirildiyini bildirib.

Fidan bütün beynəlxalq birliyin Qəzza və Fələstindəki soyqırıma kəskin şəkildə qarşı olduğunu vurğulayaraq, bu mövqeyin İsrailə təzyiq göstərmək üçün bir vasitə kimi istifadə edilməli olduğunu ifadə edib.

Nazir Fidan “Avropa İttifaqı, BMT, digər bəzi regional və beynəlxalq təşkilatlar və birliklər ilə milli dövlətlər bir araya gəlib İsrailə eyni şeyi deyə bilsə, əgər İsrail buna qarşı tədbir görməzsə hərəkətə keçsələr, məncə yüz faiz uğur şansımız olacaq” deyib.

Nazir həmçinin İsrailin regional siyasətinin, enerji təhlükəsizliyi və miqrasiya da daxil olmaqla, Yaxın Şərqin hüdudlarından kənarda qlobal risklər yaratdığı barədə xəbərdarlıq edib.

“İsrailin regiondakı mövqeyi və bunun nəticəsində ortaya çıxan ekspansionizm və işğal siyasəti ilə xalqları didərgin salan müharibələr yaratması, təkcə region üçün deyil, İrana qarşı hücumda da göründüyü kimi, bütün dünyaya təsir edən ciddi risklər doğurur", -deyə Hakan Fidan vurğulayıb.

"Bu, bir xülyadır"

Nazir H.Fidan “İsrail, keçmişdə Holokosta məruz qalmış olmağın bir toxunulmazlıq təmin etdiyini düşünür. Özlərini müstəsna bir mövqedə görürlər. Məncə, bu bir xülyadır. Kim soyqırım törədirsə törətsin, onu ittiham etməli, adını ortaya çıxarmalı və utandırmalıyıq” deyib.

Nazir İsraili mülki ölümləri dayandırmağa, Qəzzaya yönəlmiş məhdudiyyətləri aradan qaldırmağa və işğallara son qoymağa çağırıb.

Hakan Fidan ABŞ prezidentlərinin adətən NATO sammitlərində iştirak etdiyini və Donald Trampın 7-8 iyulda Ankaradakı sammitdə də iştirak edəcəyini gözlədiyini bildirib.

İkinci Dünya Müharibəsindən sonrakı sistemin artıq mövcud reallıqları əks etdirmədiyini qeyd edən xarici işlər naziri "Sonda miras aldığımız sistem, insan olaraq, milli dövlətlər olaraq problemlərimizi düzgün şəkildə həll etməyimizə imkan vermir" deyərək mövcud sistemə yenidən baxılmalı olduğunu vurğulayıb.

Beynəlxalq nizamın islahatı çağırışını edən Fidan əməkdaşlıq etmək bacarığının çatışmazlığının "bəşəriyyətə böyük bir xəyanət" olacağı barədə xəbərdarlıq edib.

Türkiyə-Cənubi Koreya münasibətləri

Hakan Fidan Türkiyə və Cənubi Koreyanın Sinop Nüvə Elektrik Stansiyası ilə bağlı əməkdaşlığı müzakirə etdiyini bildirərək, 2008-2009-cu illərdə Koreya Elektrik Enerjisi Şirkəti (KEPCO) ilə aparılan əvvəlki danışıqları xatırladıb.

Hakan Fidan layihənin Cənubi Koreya texnologiyası ilə irəliləyə biləcəyinə dair ümidini ifadə edib.

Koreya Müharibəsindən bəri Türkiyə-Cənubi Koreya münasibətlərinə diqqət çəkən nazir 2012-ci ildən bəri strateji tərəfdaşlıq çərçivəsində əməkdaşlığın dərinləşdiyini qeyd edib.

Nazir Fidan ticarət, müdafiə və texnologiya əməkdaşlığının sabit şəkildə irəlilədiyini bildirərək, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın son 24 ildir Cənubi Koreya ilə hər səviyyədə əməkdaşlığa böyük önəm verdiyini və iki ölkə arasında müntəzəm olaraq yüksək səviyyəli görüşlərin keçirildiyini xatırladıb.