Türkiyə Diyanət Vəqfi (TDV) tərəfindən idarə olunan Bakı Türk Liseyində müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi açılıb. Məktəbin direktoru Kadir Bektaşoğlunun ev sahibliyi ilə keçirilən tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün, Azərbaycanda fəaliyyət göstərən Türkiyə qurumlarının nümayəndələri və pedaqoji heyət iştirak edib.
Tədbirdə çıxış edən səfir Birol Akgün TDV Bakı Türk Liseyinin Azərbaycanın ən qabaqcıl təhsil müəssisələrindən biri olduğunu vurğulayaraq məktəbin qazandığı uğurların qürurverici olduğunu bildirib. Türkiyə və Azərbaycan arasındakı sarsılmaz qardaşlıq bağlarına toxunan səfir bu münasibətlərin yalnız hərbi, iqtisadi və siyasi sahələrlə məhdudlaşmadığını, həm də ortaq tarix, mədəniyyət və mənəviyyat faktorlarına söykəndiyini qeyd edib.
Səfir Ramazan ayının hər iki ölkəni birləşdirən mühüm mənəvi dəyərlərdən biri olduğunu diqqətə çatdırıb. O, bu cür görüşlərin xalqlarımız arasındakı mənəvi birliyi və qardaşlıq əlaqələrini daha da möhkəmləndirdiyini xüsusi vurğulayıb.
























