TÜRKİYƏ
3 dəqiqə oxuma
Prezident R.T.Ərdoğan Körfəz turunu yekunlaşdırıb
Ölkə başçısının üç günlük Körfəz turunda ikitərəfli münasibətlərin gücləndirilməsi, regional əməkdaşlıq və bu kimi bir sıra mövzulara diqqət yetirilib
Prezident R.T.Ərdoğan Körfəz turunu yekunlaşdırıb
Prezident R.T.Ərdoğan Körfəz turunu yekunlaşdırıb / AA
24 oktyabr 2025

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 23-də Küveyt, Qətər və Omanı əhatə edən üç günlük Körfəz ölkələri səfəri turunu başa vurub. Bu səfərlər nəticəsində 24 saziş, anlaşma memorandumu və birgə bəyanat imzalanıb.

Xəbər verildiyi kimi, R.T.Ərdoğan liderlərin dəvəti ilə 21–23 oktyabr tarixlərində üç Körfəz ölkəsini ziyarət edib. Səfər boyunca keçirilən görüşlərdə ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və Qəzzadakı vəziyyət də daxil olmaqla, regional və qlobal məsələlər üzrə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.

 

Küveyt səfəri

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan səfərinə Küveytdən başlayıb. Küveyt əmiri Meşəl əl-Əhməd əl-Cabir əs-Sabah R.T.Ərdoğanı “Bayan” Sarayında rəsmi mərasimlə qarşılayıb.

Hər iki lider təkbətək və nümayəndə heyətləri səviyyəsində görüşlər keçirərək ikitərəfli və regional əlaqələr, həmçinin beynəlxalq hadisələr haqqında fikir mübadiləsi aparıb.

R.T.Ərdoğan Qəzzadakı atəşkəsin qorunmasının əhəmiyyətinə diqqət çəkərək, daimi sülh üçün iki dövlətli həllin vacibliyini bir daha vurğulayıb. O, müsəlman ölkələr arasında birliyə çağırış edib və Türkiyənin ərəb tərəfdaşları ilə Suriya üçün daha yaxşı gələcək qurmaq istiqamətində əməkdaşlığa hazır olduğunu bildirib.

Görüşlərdən sonra prezident R.T.Ərdoğan Küveyt əmirinə Türkiyə istehsalı olan “Togg” markalı elektromobili hədiyyə edib.

Tərəflər arası bir sıra sazişlər imzalanıb:

Dəniz Nəqliyyatı Sazişi, Gəmi Heyətlərinin Sertifikatlarının Qarşılıqlı Tanınmasına dair Anlaşma Memorandumu, Enerji Sahəsində Əməkdaşlıq Memorandumu və Türkiyə Prezidentinin İnvestisiya Ofisi ilə Küveyt Birbaşa İnvestisiyaların Təşviqi İdarəsi (KDIPA) arasında Birbaşa İnvestisiyaların Təşviqinə dair Anlaşma Memorandumu.

 

Qətər səfəri

Ölkə rəhbəri Rəcəb Tayyyib Ərdoğan Körfəz səfərinin ikinci mərhələsində paytaxt Dohada Həməd Beynəlxalq Hava Limanında rəsmi mərasimlə qarşılanıb. Daha sonra o, Qətər əmiri Şeyx Təmim bin Həməd Al Sani ilə rəsmi görüş keçirib.

Görüş zamanı müdafiə, ticarət, enerji və investisiya sahələrində əməkdaşlığın gücləndirilməsi, eləcə də Fələstindəki hadisələr müzakirə olunub. R.T.Ərdoğan Türkiyə–Qətər münasibətlərini “mükəmməl” adlandıraraq, iki ölkənin strateji tərəfdaşlığının regional sabitlik üçün mühüm rol oynadığını bildirib.

Liderlər 11-ci Türkiyə–Qətər Yüksək Strateji Komitəsinin iclasına həmsədr olublar. Görüşdə yeni əməkdaşlıq sənədləri imzalanıb:

Strateji İnkişaf Planlaması Anlaşma Memorandumu, Müdafiə Sənayesi Sahəsində Əməkdaşlıq Memorandumu, Yüksək Strateji Komitənin Birgə Bəyanatı və hər iki ölkənin ticarət nazirlikləri arasında Nazirliklərarası Birgə Bəyanat.

 

Oman səfəri

Prezident Rəcəb Tayyib Ərdoğanın Körfəz turunun son dayanacağı isə Oman ölkəsi olub. R.T.Ərdoğan Sultan Heysəm bin Tariq tərəfindən “Əl-Əlam” Sarayında rəsmi mərasimlə qarşılanıb.

Hər iki lider ikitərəfli və regional məsələləri müzakirə edərək Fələstin məsələsi və dialoqa əsaslanan diplomatiyanın əhəmiyyəti barədə ortaq fikirlərini bölüşüblər. R.T.Ərdoğan Oman Krallığının regional münaqişələrdə vasitəçilik rolunu yüksək qiymətləndirib və Türkiyə ilə Oman Krallığının Fələstin məsələsində iki dövlətli həll səylərini dəstəkləməyə davam edəcəyini bildirib.

R.T.Ərdoğan Sultan Heysəmə qırmızı “Togg” elektrik avtomobilini hədiyyə edib və müdafiə, enerji, mədən, sənaye, ali təhsil, media və viza azadlığı da daxil olmaqla çoxsaylı sahələri əhatə edən imzalanma mərasimində iştirak edib.

Tərəflər arası imzalanan sənədlər:

Mədənçilik və Kritik Minerallar üzrə Əməkdaşlıq Memorandumu, Hərbi Əməkdaşlıq Memorandumu, Sənaye Əməkdaşlığı Memorandumu, Elm, Texnologiya və İnnovasiya sahəsində Əməkdaşlıq Memorandumu, Rəqabətin Qorunması Memorandumu, Media və Kommunikasiya Əməkdaşlığı Memorandumu, Müdafiə Sənayesi Əməkdaşlığı Memorandumu, Türkiyə Varlıq Fondu ilə Oman İnvestisiya İdarəsi arasında Strateji Əməkdaşlıq Sazişi və Türkiyə ilə Oman şirkətləri arasında müxtəlif tərəfdaşlıq və əməkdaşlıq müqavilələri.

Bundan əlavə, Türk Maarif Vəqfinin Omanda məktəblər açması üçün əməkdaşlıq sazişi və adi pasport sahiblərinə qarşılıqlı viza azadlığı təqdim edən iki birgə bəyanat imzalanıb.

Sultan Heysəmin təşkil etdiyi rəsmi naharda iştirak edən prezident R.T.Ərdoğan daha sonra Maskatdan ayrılaraq Türkiyəyə qayıdıb və üç günlük Körfəz turunu başa çatdırıb.

MƏNBƏ:TRT