Səudiyyə Ərəbistanı Nazirlər Kabineti Türkiyə ilə diplomatik və xüsusi pasport sahiblərinin qarşılıqlı olaraq viza tələbindən azad edilməsinə dair sazişi təsdiqləyib.
Bu barədə ölkənin rəsmi xəbər agentliyi SPA-nın yaydığı məlumatda deyilir. Qeyd edilir ki, Nazirlər Kabineti paytaxt Ər-Riyadda Vəliəhd Şahzadə Məhəmməd bin Səlmanın sədrliyi ilə toplanıb.
İclasda Türkiyə ilə diplomatik və xüsusi pasport sahiblərinin qarşılıqlı olaraq viza tələbindən azad olunması barədə imzalanmış saziş təsdiq edilib.
Qeyd edək ki, Türkiyə və Səudiyyə Ərəbistanı 2026-cı il 6 may tarixində Ankarada keçirilən Türkiyə-Səudiyyə Ərəbistanı Koordinasiya Şurasının iclasından sonra diplomatik və xüsusi pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsinə dair saziş imzalamışdılar.
Bundan sonra Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında diplomatik və xüsusi pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad olunması haqqında sazişi təsdiqləyən Prezident Qərarı "Resmi Gazete"də dərc olunmuşdu.
Prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə dərc olunan qərara əsasən, sözügedən pasport sahibləri hər 180 günlük müddət ərzində 90 günü keçməmək şərtilə qarşı tərəfin ölkəsinə daxil olmaq, tranzit keçmək, ölkədən çıxmaq və orada müvəqqəti qalmaq üçün vizadan azad ediləcəklər.




















