SİYASƏT
2 dəqiqə oxuma
ABŞ Türkiyənin Qəzza atəşkəsinə töhfəsini açıqladı
ABŞ prezidenti Donald Trampın Qəzzadakı atəşkəs planı tərksilah və yenidənqurmaya yönəlmiş ikinci mərhələyə qədəm qoyarkən, ABŞ rəsmisi Ankaranın atəşkəsə nail olunmasına kömək etdiyini bildirdi
ABŞ Türkiyənin Qəzza atəşkəsinə töhfəsini açıqladı
Tramp-Ərdoğan / AP
15 yanvar 2026

ABŞ prezidenti Donald Trampın Qəzza üzrə atəşkəs planı tərksilah və yenidənqurmaya yönəlmiş ikinci mərhələyə keçərkən, ABŞ rəsmisi Türkiyənin atəşkəsin əldə olunmasında mühüm rol oynadığını bildirib.

Qəzza mövzusunda jurnalistlərə açıqlama verən və adının açıqlanmasını istəməyən ABŞ rəsmilərdən biri qeyd edib ki, prezident Tramp Türkiyənin prosesə verdiyi töhfəyə görə minnətdardır.

Rəsmi deyib: “Prezident Rəcəb Tayyib Ərdoğan, xarici işlər naziri Hakan Fidan və Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın prosesə çox yaxından cəlb olunub və bizimlə sıx əməkdaşlıq ediblər. Onların iştirakı son dərəcə vacib idi və çox təsirli nəticələr əldə olundu”.

Rəsmi Tramp administrasiyasının Türkiyə ilə İsrail arasında mövcud olan gərgin münasibətlərin yenidən normallaşmasını istədiyini və Vaşinqtonun bunun mümkün olduğuna inandığını vurğulayıb.

Bu açıqlamalar ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun Qəzza atəşkəsinin ikinci mərhələsinə keçildiyini elan etməsindən sonra səsləndirilib. Uitkoff bildirib ki, ikinci mərhələdə tərksilah, idarəetmə və yenidənqurma məsələləri əsas prioritetlər olacaq.

Uitkoff “X” sosial şəbəkəsindəki paylaşımında qeyd edib ki, bu mərhələ çərçivəsində Qəzzada müvəqqəti texnokratik Fələstin idarəetmə strukturu olan Qəzza İdarəetmə Milli Komitəsinin yaradılması nəzərdə tutulur. Eyni zamanda Qəzzanın tam şəkildə silahsızlaşdırılması, yenidən qurulması və bütün icazəsiz silahlı şəxslərin tərksilah edilməsi prosesinə başlanacaq.

ABŞ rəsmisi əlavə edib ki, Vaşinqton HƏMAS-ın razılaşma çərçivəsində üzərinə götürdüyü öhdəlikləri, o cümlədən son girovun cəsədinin dərhal təhvil verilməsini tam şəkildə yerinə yetirməsini gözləyir.

“Bu öhdəliklər yerinə yetirilməzsə, ciddi nəticələr olacaq”, -deyə Uitkoff vurğulayıb.

ABŞ rəsmilərdən biri ikinci mərhələnin başlamasını prosesdə mühüm dönüş nöqtəsi kimi qiymətləndirib.

Onun sözlərinə görə, Qəzzanın yenidən inkişafı üçün genişmiqyaslı və əhatəli plan mövcuddur və növbəti mərhələ Fələstin əraziləri üçün “çox böyük dəyişikliklər” vəd edir.