Livanın NNA rəsmi milli xəbər agentliyinin yaydığı xəbərə əsasən, İsrail hərbi təyyarələri Əli əl-Tahir yüksəkliklərinə, Nəbatiyə əl-Fəvqanın şimal ətraflarına və Dəvhət Kfar-Rumman yaxınlığındakı Əl-Dəbşə ərazisinə zərbələr endirib.
Agentlik sözügedən ərazilərin səhərə qədər fasilələrlə İsrail artilleriyasından atəşə tutulduğunu bildirib.
NNA-nın digər məlumatında İsrail qüvvələrinin Məcdəl-Zun və Əl-Mənsuri yaşayış məntəqələrini də hədəf aldığı, hər iki ərazinin intensiv artilleriya atəşinə məruz qaldığı qeyd olunub.
Hücumlar nəticəsində tələfat və ya dağıntılar barədə hələlik rəsmi məlumat verilməyib.
Son hərbi fəallıq İsrailin martın 2-də Livana qarşı başladığı genişmiqyaslı hərbi əməliyyatlardan bəri tərəflər arasında davam edən gərginlik fonunda qeydə alınıb.
Münaqişə başlayan gündən İsrail və Livan arasında toqquşmalara son qoyulması və sərhədboyu təhlükəsizlik mexanizmlərinin yaradılması məqsədilə ABŞ-nin vasitəçiliyi ilə danışıqlar prosesi aparılır.
Danışıqların əsasını İsrail qoşunlarının Livanın cənubundan çıxarılması və Hizbullahın həmin bölgədə hərbi iştirakına son qoyulmasını nəzərdə tutan təhlükəsizlik zəmanətləri təşkil edir. Tərəflər sərhəddə yenidən hərbi toqquşmaların alovlanmasının qarşısını almağa çalışırlar.
Livan tərəfi İsrailin hücumlarını dərhal dayandırmasını və qoşunların ölkə ərazisindən tam çıxarılmasını tələb edir. İsrail isə Hizbullahın Livanın cənubundakı hərbi mövcudluğunun ləğvi ilə bağlı etibarlı təhlükəsizlik zəmanətlərinin verilməsində təkid edir.


















