Şərhlər
ŞƏRHLƏR
1 dəqiqə oxuma
Hesabat:''İranda etiraz aksiyalarında ölənlərin sayı 38-ə çatıb''
İranla bağlı araşdırma aparan bir insan hüquqları təşkilatı yanvarın 7-də ölkədə keçirilən etirazlar zamanı ölənlərin sayının 38 nəfərə çatdığını açıqlayıb
Hesabat:''İranda etiraz aksiyalarında ölənlərin sayı 38-ə çatıb''
Hesabat:''İranda etiraz aksiyalarında ölənlərin sayı 38-ə çatıb'' / Reuters
8 yanvar 2026

İranla bağlı araşdırma aparan bir insan hüquqları təşkilatı yanvarın 7-də ölkədə keçirilən etirazlar zamanı ölənlərin sayının 38 nəfərə çatdığını açıqlayıb.

Mərkəzi ABŞ-da yerləşən təşkilatın internet saytında paylaşılan hesabatda bildirilir ki, etiraz aksiyaları artıq 11 gündür ölkə üzrə davam edir.

Hesabata əsasən, nümayişlər İranın 31 əyalətində keçirilib. Bu aksiyalar zamanı 34 etirazçı və 4 təhlükəsizlik xidməti əməkdaşı həyatını itirib.

Ölkə üzrə 348 müxtəlif bölgədə keçirilən etirazlar zamanı onlarla insan yaralanıb, 2 217 nəfər isə saxlanılıb. Yaralanan onlarla insanın əksəriyyətinin odlu silah və rezin güllələrdən xəsarət aldığı bildirilir. Hazırda saxlanılanların sayı 2217 nəfərdir.

Qeyd olunub ki, İran hakimiyyəti ölən və yaralananların sayı ilə bağlı rəsmi məlumat yaymayıb.

Cümə günü ABŞ prezidenti Donald Tramp bəyan edib ki, əgər rəsmi Tehran etirazçılara qarşı ölümcül güc tətbiq edərsə, Vaşinqton onlara “kömək edəcək”. Bu açıqlama İranın yüksək vəzifəli rəsmiləri tərəfindən kəskin reaksiya ilə qarşılanıb.

Aksiyaların əsas səbəbi iqtisadiyyatın pisləşməsi və milli valyutanın rekord həddə dəyər itirməsidir. Rialın dollara qarşı məzənnəsi 1.350.000-i keçib ki, bu da əhalinin sosial vəziyyətini dözülməz həddə çatdırıb.