SİYASƏT
1 dəqiqə oxuma
Cənubi Koreyanın sabiq Baş naziri Han Dok-su haqqında 23 il həbs qərarı verildi
Uğursuz hərbi vəziyyət cəhdi ilk dəfə yüksək vəzifəli bir şəxsin məhkumluğu ilə nəticələndi
Cənubi Koreyanın sabiq Baş naziri Han Dok-su haqqında 23 il həbs qərarı verildi
Cənubi Koreyanın sabiq Baş naziri Han Dok-su haqqında 23 il həbs qərarı verildi / Reuters
21 yanvar 2026

Cənubi Koreyada məhkəmə vəzifədən kənarlaşdırılmış dövlət başçısı Yun Sok-yolun hakimiyyəti dövründə fövqəladə hərbi vəziyyət elanına cəhdlə bağlı ölkənin sabiq baş naziri Han Dok-sunu 23 il müddətinə azadlıqdan məhrum edib.

“Yonhap” xəbər agentliyinin yaydığı məlumata görə, Seul Mərkəzi Rayon Məhkəməsi yanvarın 21-də verdiyi qərarda 2024-cü il dekabrın 3-də elan edilən hərbi vəziyyətin üsyan xarakteri daşıdığını təsdiqləyən ilk məhkəmə hökmünü açıqlayıb.

Hazırda 76 yaşı olan Han Dok-su Yun Sok-yolun prezidentliyi dövründə Cənubi Koreyanın Baş naziri vəzifəsində çalışıb. Yun Sok-yol ötən il hərbi vəziyyət elan etməyə cəhd göstərdiyinə görə vəzifəsindən kənarlaşdırılmışdı.

Bu qərar, Yun Sok-yolun hökumət kabinetinin bir üzvünün sözügedən hərbi vəziyyət cəhdi ilə əlaqədar ilk dəfə məhkum edilməsi deməkdir. Həmin cəhd parlamentə toplaşan millət vəkillərinin vəzifədən kənarlaşdırılmış prezidentin qərarına qarşı qətnamə qəbul etməsi nəticəsində qarşısı alınaraq baş tutmamışdı.

Ötən həftə Yun Sok-yolun özü də ötən il onu həbs etməyə çalışan istintaqçıların fəaliyyətinə mane olmaqda ittiham edilərək beş il müddətinə azadlıqdan məhrum edilmişdi.

Hərbi vəziyyət işi üzrə araşdırma aparan xüsusi prokuror isə üsyan ittihamları çərçivəsində Yun Sok-yol barəsində ölüm cəzası tələb edib. Məhkəmənin bu iş üzrə qərarını fevralın 19-da açıqlaması gözlənilir.

MƏNBƏ:TRT