Çin kövrək atəşkəs fonunda Tailand və Kambocanın xarici işlər nazirlərini qəbul edərək iki ölkə arasındakı sərhəd mübahisəsində vasitəçilik səylərini artırdığını nümayiş etdirib.
Tərəflər bu gün (29 dekabr) Çinin Yunnan əyalətində keçirilən üçtərəfli görüşdə bir araya gəliblər.
Görüş Tailand və Kambocanın həftələrlə davam edən və 100-dən çox insanın ölümü, yüz minlərlə sakinin isə təxliyəsi ilə nəticələnən toqquşmalardan sonra yeni atəşkəs razılaşması imzalamasından iki gün sonra baş tutub.
Çinin xarici işlər naziri Vanq Yi regional sülh və sabitliyə çağıraraq, döyüşlərin yenidən başlamasının heç bir tərəfin maraqlarına uyğun olmadığını bildirib.
Kambocanın xarici işlər naziri Prak Sokhonn atəşkəsin davamlı olacağına ümid etdiyini deyib, Tailandın xarici işlər naziri Sihasak Phuangketkeow isə münasibətlərin mərhələli şəkildə normallaşdırılmasının vacibliyini vurğulayıb.
Çin son illər Asiya regionundakı münaqişələrdə daha fəal diplomatik rol oynamağa çalışır. Pekin bu addımla beynəlxalq vasitəçi kimi mövqeyini gücləndirməyi hədəfləyir.
Buna baxmayaraq, Tailand və Kamboca arasında təbliğat qarşıdurması və sərhəd insidentləri tamamilə aradan qalxmayıb. Son razılaşma tərəfləri piyada əleyhinə minaların istifadəsini qadağan edən beynəlxalq öhdəliklərə əməl etməyə də çağırır.
Kambocanın baş naziri Hun Manet bildirib ki, ölkə döyüş qabiliyyətini saxlayır, lakin münaqişənin uzadılması Kambocanın maraqlarına uyğun deyil.
Addım-addım yanaşma
Tailand Xarici İşlər Nazirliyi sonradan verdiyi açıqlamada Çinin iki ölkə arasında sülhü dəstəkləmək üçün könüllü şəkildə dialoq platforması təklif etdiyini və Tailandın münasibətlərin “addım-addım” bərpa edilməsinin vacibliyini vurğuladığını bildirib.
Nazirliyin açıqlamasında deyilir:
“Tailand tərəfi 72 saatlıq atəşkəs müşahidə müddətindən sonra 18 əsgərin azad edilməsini nəzərdən keçirəcək və Kambocadan sərhəd boyunca yerləşən tailandlıların geri qayıtmasını asanlaşdırmağı tələb edir.”
Yeni razılaşmanın imzalanmasından bir gün sonra, iki günlük görüşlərin ilk günündə Sihasak və Prak Sokhonn bazar günü Vanq Yi ilə ayrı-ayrılıqda danışıqlar aparıblar.
Bu görüşlər Çinin beynəlxalq vasitəçi rolunu, xüsusilə də Asiya regionundakı böhranlarda təsirini gücləndirməyə yönəlmiş son səylərinin bir hissəsi kimi qiymətləndirilir.
Çin regional və qlobal miqyasda iqtisadi və siyasi gücə çevrildikcə, Pekin son on ildən artıqdır ki, diplomatik məsələlərdə üçüncü tərəf kimi səsini daha fəal şəkildə yüksəltməyə çalışır.
Mübahisələr davam edir
Tailand və Kamboca ilkin olaraq iyul ayında atəşkəs razılaşmasına gəlmişdi.
Malayziyanın vasitəçiliyi ilə əldə edilən və ABŞ prezidenti Donald Trampın təzyiqi ilə reallaşan bu razılaşma, Trampın tərəflər razılaşmanı qəbul etmədiyi təqdirdə ticarət imtiyazlarını dayandırmaq hədəsi ilə müşayiət olunmuşdu. İlkin razılaşmadan sonra oktyabr ayında daha ətraflı sənəd imzalanmışdı.
Bununla belə, Tailand və Kamboca arasında sərt təbliğat müharibəsi davam edib, sərhəd boyunca xırda miqyaslı zorakılıq halları yaşanıb.
Gərginliklər dekabrın əvvəlində yenidən ağır silahlı toqquşmalara çevrilib.
Şənbə günü əldə olunan son razılaşmaya əsasən, atəşkəs 72 saat davam etdikdən sonra Tailand iyul ayından bəri saxlanılan 18 kambocalı əsgəri azad etməlidir. Bu məsələ Kamboca tərəfinin əsas tələblərindən biri idi.
Razılaşma həmçinin tərəfləri piyada əleyhinə minaların istifadəsini qadağan edən beynəlxalq konvensiyalara əməl etməyə çağırır ki, bu da Tailandın əsas narahatlıqlarından biridir.
Kambocanın baş naziri Hun Manet bu gün Tailand sərhədi boyunca yerləşən bütün kambocalı döyüşçülərə müraciət edərək bildirib:
“Biz hələ də döyüşə bilərik… lakin kiçik bir ölkə olaraq münaqişəni uzun müddət uzatmağın bizə heç bir faydası yoxdur.”













