DÜNYA
1 dəqiqə oxuma
Ukrayna pilotsuz uçuş aparatları ilə Moskva və Tulaya hücum etdi
Rusiya rəsmiləri bildirir ki, çoxsaylı PUA hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib
Ukrayna pilotsuz uçuş aparatları ilə Moskva və Tulaya hücum etdi
Ukrayna pilotsuz uçuş aparatları ilə Moskva və Tulaya hücum etdi / AP
24 dekabr 2025

Rusiya rəsmilərinin dekabrın 24-də yaydığı məlumata görə, Ukraynanın gecə boyu həyata keçirdiyi pilotsuz uçuş aparatları (PUA) ilə hücumu Rusiyanın paytaxtını hədəf alıb və Moskvanın cənubunda yerləşən Tula vilayətində sənaye obyektlərindən birində yanğına səbəb olub.

Moskva meri Sergey Sobyanin “Telegram” kanalında verdiyi açıqlamada paytaxt istiqamətində uçan təxminən üç PUA-nın zərərsizləşdirildiyini bildirib. S.Sobyanin PUA qalıqlarının düşdüyü ərazilərə operativ xidmət qruplarının cəlb edildiyini, ilkin mərhələdə isə hər hansı dağıntı və ya zərər barədə məlumat daxil olmadığını qeyd edib. Rusiya Mülki Aviasiya Agentliyi isə paytaxta xidmət göstərən dörd əsas hava limanından ikisində uçuş əməliyyatlarının müvəqqəti məhdudlaşdırıldığını açıqlayıb.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, gecə ərzində Ukraynaya məxsus ümumilikdə 172 PUA məhv edilib. Bildirilib ki, bu aparatların təxminən yarısı Ukrayna ilə sərhəddə yerləşən bölgələr üzərində vurulub.

Tula vilayətinin qubernatoru Dmitri Milyayev vurulan PUA-lardan birinin qalıqlarının bölgədəki sənaye obyektlərindən birində yanğına səbəb olduğunu bildirib, lakin obyektin hansı sahəyə aid olduğu barədə ətraflı məlumat verməyib. D.Milyayev əlavə edib ki, vilayət üzərində Ukraynaya məxsus daha 12 PUA hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib.

Ukrayna tərəfi bildirir ki, Rusiyaya PUA-larla hücum edərək rəsmi Moskvanın müharibə aparmaq imkanlarını zəiflətməyə çalışır. Bu məqsədlə Rusiya ərazisindəki hərbi, enerji və logistika obyektlərinə PUA hücumları həyata keçirilir.

MƏNBƏ:TRT