TÜRKİYƏ
3 dəqiqə oxuma
Türkiyə və yeddi digər ölkə İsrailin İordan çayının qərb sahili ilə bağlı qərarını qınayıb
Türkiyə, Misir, İordaniya və Körfəz ölkələrindən yüksək səviyyəli diplomatlar İsrailin məskunlaşma fəaliyyətlərini və işğal olunmuş Fələstin ərazilərinin ilhaqına...
Türkiyə və yeddi digər ölkə İsrailin İordan çayının qərb sahili ilə bağlı qərarını qınayıb
Türkiyə Xarici İşlər Nazirliyi / Public domain
16 saat əvvəl

Türkiyə, Misir, İordaniya və Körfəz ölkələrindən yüksək səviyyəli diplomatlar İsrailin məskunlaşma fəaliyyətlərini və işğal olunmuş Fələstin ərazilərinin ilhaqına doğru atdığı addımları rədd edərək beynəlxalq tədbirlərə çağırıblar.

Türkiyə, Misir, İordaniya, İndoneziya, Pakistan, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər nazirləri favralın 9-da İsrailin işğal olunmuş İordan çayının qərb sahilindəki son tədbirlərini sərt dillə qınayıblar.

Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi saytında dərc olunan açıqlamada bildirilib ki, bu tədbirlər qanunsuz İsrail suverenliyini tətbiq etmək, məskunlaşma fəaliyyətlərini möhkəmləndirmək və yeni hüquqi və inzibati reallıq yaratmaq, bununla da Fələstin xalqının köçürülməsini və qanunsuz ilhaqına doğru atılan addımları sürətləndirmək məqsədi daşıyır.

Açıqlamada "İsrailin işğal olunmuş ərazilər üzərində suverenliyi yoxdur" deyilib və bu cür hərəkətlərin "bölgədə zorakılıq və münaqişəni alovlandırdığı" qeyd edilib.

Bəyanatda həmçinin bildirilib ki, nazirlər beynəlxalq hüququn açıq şəkildə pozulmasını təşkil edən, iki dövlətli həlli pozan və Fələstin xalqının 4 iyun 1967-ci il sərhədlərinə əsaslanan paytaxtı işğal olunmuş Qüds olan müstəqil və suveren dövlət qurmaq kimi ayrılmaz hüququna hücum olan bu qanunsuz hərəkətləri qəti şəkildə rədd edirlər.

Bəyanatda o da bildirilib ki, bu hərəkətlər həmçinin regionda sülh və sabitlik üçün davam edən səyləri də sarsıdır.

Nazirlər vurğulayıblar ki, işğal olunmuş İordan çayının qərb sahilində bu qanunsuz təcrübələr etibarsızdır və BMT Təhlükəsizlik Şurasının bütün qətnamələrinin, xüsusən də 1967-ci ildən bəri Şərqi Qüds də daxil olmaqla, işğal olunmuş Fələstin ərazilərinin demoqrafik tərkibini, xarakterini və statusunu dəyişdirməyə yönəlmiş bütün İsrail təcrübələrini pisləyən 2334 saylı qətnamənin açıq şəkildə pozulmasıdır.

Bəyanatda həmçinin Beynəlxalq Ədalət Məhkəməsinin 2024-cü il tarixli qərarına istinad edilib. Qərarda İsrailin siyasətinin, təcrübələrinin və işğal olunmuş Fələstin ərazilərində davam edən varlığının qanunsuz olduğu, İsrail işğalına son qoyulmasının zəruriliyinin vurğulandığı və işğal olunmuş İordan çayının qərb sahilindəki bu qanunsuz təcrübələrin əsassız və etibarsız olduğunun təsdiqləndiyi bildirilib.

Nazirlər beynəlxalq ictimaiyyəti "hüquqi və mənəvi məsuliyyətlərini yerinə yetirməyə" çağırıblar və işğal olunmuş İordan çayının qərb sahilindəki təhlükəli gərginliyi dayandırmaq üçün İsrailə təzyiq göstərilməsini tələb ediblər.

Bəyanatda vurğulanıb ki, iki dövlətli həll yoluna, beynəlxalq qətnamələrə və Ərəb Sülh Təşəbbüsünə əsaslanan Fələstin xalqının öz müqəddəratını təyin etmək və dövlətçilik hüquqlarının həyata keçirilməsi regionda təhlükəsizliyi və sabitliyi təmin edəcək ədalətli və hərtərəfli sülhə nail olmağın yeganə yoludur.

Fevralın 8-də İsrail Təhlükəsizlik Kabineti işğal olunmuş İordan çayının qərb sahilində İsrail nəzarətini gücləndirmək üçün hüquqi və mülki çərçivəni dəyişdirməyə yönəlmiş tədbirləri təsdiqləyib.

İsrailin dövlət televiziyası KAN bildirib ki, qərarlara İordan çayının qərb sahilində Fələstin torpaqlarının yəhudilərə satılmasının qarşısını alan qanunun ləğvi, torpaq mülkiyyəti qeydlərinin açılması və Hebrondakı yaşayış məntəqəsində tikinti icazələrinin verilməsi səlahiyyətinin Fələstin bələdiyyəsindən İsrail mülki administrasiyasına təhvil verilməsi daxildir.