TÜRKİYƏ
2 dəqiqə oxuma
İstanbulda “Sıfır Tullantı” Forumu keçirilir
Üç gün davam edəcək tədbirdə 104 ölkədən nümayəndələr iştirak edir
İstanbulda “Sıfır Tullantı” Forumu keçirilir
İstanbulda “Sıfır Tullantı” Forumu keçirilir / AA
18 oktyabr 2025

“Sıfır Tullantı” fondu tərəfindən təşkil edilən forum Türkiyənin birinci xanımı Əminə Ərdoğanın himayəsi, Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi ilə Kənd və Meşə Təsərrüfatı Nazirliyinin dəstəyi əsasında start verib. Əminə Ərdoğan həm də BMT Sıfır Tullantı Yüksək Səviyyəli Məsləhət Şurasının və fondun fəxri sədridir. Qeyd edək ki, “Sıfır Tullantı” layihəsi də onun təşəbbüsü ilə BMT əməkdaşlığı çərçivəsində həyata keçirilib.

Bu il ilk dəfə keçirilən forumun mövzusu “İnsanlar, Məkanlar, İrəliləyiş” olaraq müəyyən edilib. Forumun əsas diqqət mərkəzində siyasi qərarların icrası, həll yollarının genişləndirilməsi, maliyyə imkanlarının səfərbər olunması və əməkdaşlıqların gücləndirilməsi dayanır.

Üç gün davam edəcək forumda 104 ölkədən nümayəndələr və 118 beynəlxalq tərəfdaş iştirak edir. Panellərdə sıfır tullantı anlayışının mahiyyəti, qanunvericilik məsələləri, maliyyələşmə, modanın gələcəyi, təkrar emal, süni intellekt və texnologiyanın təsirləri ilə bağlı həll yolları müzakirə olunacaq.

Forumun iştirakçıları arasında BMT Baş katibi Antonio Quterreş adından BMT Baş katibinin siyasət üzrə müavini Qay Bernard Rayder, BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) icraçı direktoru Anaklaudiya Rossbax və Azərbaycan prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Muxtar Babayev də yer alır.

Türkiyədən ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum ilə birlikdə kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı da foruma qatılıb. Bildirilir ki, sözügedən tədbir oktyabrın 19-da başa çatacaq.

Xatırladaq ki, “Sıfır Tullantı” fondu 2023-cü ildə ölkənin birinci xanımı Ə.Ərdoğanın himayəsi ilə yaradılıb və layihənin yayılmasını, davamlılığının təmin olunmasını qarşısına məqsəd qoyub. Yarandığı gündən fond BMT Sıfır Tullantı Məsləhət Şurası, Sıfır Tullantı Katibliyi, BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və BMT Ətraf Mühit Proqramı (UNEP) ilə fəal əməkdaşlıq həyata keçirir.

MƏNBƏ:TRT