Türkiyənin Xarici İşlər naziri Hakan Fidan İstanbul Konqres Mərkəzində “Mərkəzsiz dünya: Qaydalar əhəmiyyətini itirəndə kim lider olur?" mövzusunda təşkil olunan "TRT World Forum 2026" çərçivəsində keçirilən "Əlaqələrin yeni geosiyasəti: Dəniz marşrutları, çətinliklər və dəhlizlər" başlıqlı sessiyada çıxış edib.
Nazir H.Fidan Türkiyənin regiondakı siyasi dinamiklər məsələsində məsuliyyət götürdüyünü deyib: "İsrailin genişlənmə siyasəti və təcavüzünün davam etməsi, qonşu ölkələrin vəziyyəti və Qəzzada törədilən qətliam nəzərə alındıqda, təəssüf ki, bunların kifayət qədər diqqət yetirilməyən məsələlər olduğu görünür".
Problemlərin kökündə duran səbəblərə toxunmağın vacibliyini və qlobal iqtisadiyyatın bağlı olduğu marşrutların risk altında olduğunu diqqətə çatdıran H.Fidan nitqinə belə davam edib:
"Bu çətinliyin başqa bir tərəfi də var. Qlobal miqyasda inteqrasiya mövcud olduğu üçün nəqliyyat boğazlarında da sıxlıq artır. Enerji və daşınma marşrutları azalır və bu şəkildə struktursal zəiflik ortaya çıxır. Qara dənizdə gördüyümüz kimi, bir gəmi marşrutu müharibə marşrutuna çevrilə bilməz. Enerji xəttindən siyasi təzyiq vasitəsi kimi istifadə edilməməlidir. Çünki tək bir nəqliyyat boğazındakı axsamalar təchizat zəncirini poza və minlərlə kilometr uzaqlıqdakı iqtisadiyyatlara mənfi təsir göstərə bilər".
H.Fidan bu kimi hallarda qarşılıqlı əlaqələrin strateji narahatlıq mövzusuna çevrilə biləcəyinə işarə edərək deyib: "Ölkələr təbii olaraq əsas marşrutlara, bazarlara və resurslara çıxışlarını qorumağa çalışacaqlar. Bu çıxış imkanları lazımsız hala gəldikdə, müstəqillik riskləri yerini etibarsızlığa və rəqabətə verəcəkdir. Biz buna icazə verməməliyik".
"Dəhlizləri şaxələndirərək çıxış imkanlarını artırmalı və qlobal təchizat zəncirini gücləndirməliyik"
Seçimin iqtisadi təhlükəsizlik ilə daha böyük inteqrasiya arasında edilməməli olduğunu vurğulayan H.Fidan sözlərinə belə davam edib: "Qarşılıqlı əlaqələr sıfıra endirilməməlidir. Buradakı strateji zərurət münasibətləri daha şaxəli, daha dözümlü və daha əhatəli hala gətirmək olmalıdır. Bu yanaşma iki prioritet məsələni ön plana çıxarır. Bunlardan birincisi mövcud marşrutları gücləndirməkdir. Bunu isə effekli təhlükəsizlik mexanizmləri quraraq və təsisatları möhkəmləndirərək həyata keçirmək mümkündür. Biz bu dəhlizləri şaxələndirərək çıxış imkanlarını artırmalı və qlobal təchizat zəncirini gücləndirməliyik".
H.Fidan şaxələndirmənin yeni seçimlər yaratmaq və həssaslığı azaltmaqla bağlı olduğunu qeyd edərək deyib:
"Türkiyə məhz bu baxış bucağını müdafiə edir. Biz coğrafi mövqeyimizi yalnız qitələr arasında bir körpü kimi qiymətləndirmirik. Strateji məsuliyyətimizin olduğunu düşünürük. Bu çərçivədə daha sıx əlaqədə olan, daha təhlükəsiz və daha firavan bir mühitin təmin edilməsində rolumuzun olduğuna inanırıq. Coğrafiya imkanlar yaradır, lakin bu potensialı daha böyük strateji dəyərə çevirəcək amillər vizyon, infrastruktur və diplomatiyadır".
Orta Dəhlizin bu məqsədin əsas düyün nöqtələrindən biri olduğuna diqqət çəkən nazir H.Fidan sözlərinə belə davam edib:
"Cənubi Qafqazdan Türkiyəyə uzanan həmin yol çox mühüm ticarət və daşınma marşrutunu formalaşdırır. Marşrutların şaxələndirilməsi strateji zərurətə çevrilir. Digər uğurlu layihə isə Körfəz regionunu İraq və Türkiyə vasitəsilə Avropaya bağlamaqdır. Buna görə də biz enerji portfelimizi genişləndirməyə və şaxələndirməyə çalışırıq".
H.Fidan bu təşəbbüslərin sadəcə təcrid olunmuş infrastruktur layihələri olmadığına işarə edərək belə deyib: "Bunlar daha geniş inteqrasiya memarlığının əsasıdır. Bu layihələr regionlarda yeni imkanlar yaradır və strateji faydaların bölüşdürülməsini təmin edir. İqtisadi müstəqillik yalnız siyasi əməkdaşlıqlar vasitəsilə həqiqi məhsuldarlıq qazana bilər".
"Ən çətin şəraitdə belə diplomatik təmaslar və yüksək səviyyəli dialoqla mühüm həll yolları tapırıq"
İnfrastrukturun təkbaşına qarşılıqlı münasibətləri təmin edə bilməyəcəyini dilə gətirən H.Fidan deyib: "Marşrutlar qorunmalıdır. Münaqişələr məhdudlaşdırılmalıdır. Siyasi fikir ayrılıqları qlobal iqtisadiyyatı ayaqda saxlayan sistemləri iflic etməməlidir. Bu səbəbdən Türkiyə sözügedən mexanizmlərdən istifadə edir. Ölkəmiz davamlı diplomatiyanı təmin etməyə və regional sahiblik prinsipini qorumağa çalışır".
H.Fidan Türkiyənin Qara dənizdəki təşəbbüsünün davamlı diplomatiyaya və zəruri ərzaq məhsullarının daşınmasının qorunmasına şərait yaratdığına diqqət çəkərək deyib: "Ən çətin şəraitdə belə diplomatik təmaslar və yüksək səviyyəli dialoq vasitəsilə böyük dəyərə malik həll yolları istehsal edə bilirik. Diplomatik həll yollarını artırmağa çalışaraq sabitliyi pozan problemləri aradan qaldırmağa cəhd göstəririk".
Nazir H.Fidan "TRT World Forum 2026"ın “Mərkəzsiz dünya: Qaydalar əhəmiyyətini itirəndə kim lider olur?" mövzusuna toxunaraq deyib: "Qlobal liderlik mütləq tək bir mərkəzdə cəmlənmək məcburiyyətində deyildir. Məsuliyyət kollektiv şəkildə bölüşdürülməlidir. Bu çərçivədə Türkiyənin artıq qlobal bir təşəbbüsü qiymətləndirmək vaxtı gəlib çatmışdır. Xüsusilə beynəlxalq münasibətləri gücləndirmək üçün belə bir təşəbbüs ölkələri regionlararası ortaq məqsəd ətrafında bir araya gətirə bilər".
Təsisat strukturlarının yalnız özləri üçün mövcud olmamalı olduğunu bəyan edən H.Fidan çıxışını bu sözlərlə yekunlaşdırıb: "Bölüşdürülən məsuliyyətlər çərçivəsində və konkrət nəticələr əldə etmək üçün Türkiyə bu vizyonu paylaşan bütün tərəfdaşlarla işləməyə hazırdır. Hədəfimiz aydın olmalıdır: bu münasibətləri strateji həssaslığa çevirmək lazımdır. Kollektiv təhlükəsizlik, ortaq rifah və davamlı sülh üçün bu, zəmanəmizin tələb etdiyi liderlikdir və Türkiyənin öz üzərinə götürməyə hazırlaşdığı məsuliyyətdir".





















