Beynəlxalq ictimaiyyət İsrailin Qəzzaya endirdiyi zərbələrə reaksiya verdi. İsrailin son hücumları nəticəsində Qəzzada təxminən 90 nəfər həlak olub, mühasirə altındakı digər ərazilərdə də itkilər olduğu bildirilir.
Türkiyə
Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Burhanəddin Duran İsrailin hücumundan sonra BMT başda olmaqla beynəlxalq ictimaiyyəti təcili tədbirlər görməyə çağırıb. Sosial mediada paylaşım edən Duran bu işğalın İsrailin soyqırım cinayətinin yeni “qanlı mərhələsi” olduğunu vurğulayıb, hücumun beynəlxalq hüquq normalarına zidd olduğunu və humanitar böhranı daha da dərinləşdirdiyini bildirib.
Kanada
Kanada Xarici İşlər Nazirliyi İsrailin Qəzzada başlatdığı yeni quru əməliyyatını “dəhşətli” adlandırıb. Nazirliyin rəsmi sosial media hesabında bildirilib ki, bu vəziyyət humanitar böhranı daha da ağırlaşdırır və girovların azad edilməsini təhlükə altına alır. Kanada hökuməti İsrailin beynəlxalq hüquqa əməl etməsini tələb edir.
Fransa
Fransa Xarici İşlər Nazirliyi İsraili Qəzzada həyata keçirdiyi “dağıdıcı əməliyyatı” dərhal dayandırmağa çağırıb. Nazirliyin yaydığı bəyanatda qeyd olunub ki, Fransa İsraili artıq hərbi əsası olmayan bu əməliyyatı sonlandırmağa və danışıqları ən qısa zamanda bərpa etməyə çağırır.
İtaliya
İtaliyanın xarici işlər naziri Antonio Tajani Roma hökumətinin İsrailin Qəzzadakı hərbi əməliyyatlarına qarşı olduğunu və bu hücumların mülki əhali üçün ciddi təhlükə yaratdığını bildirib. Tajani vurğulayıb ki, Qəzzaya hücumun dayandırılması və gərginliyin aradan qaldırılması üçün diplomatik səylər təcili olaraq gücləndirilməlidir.
Misir
Misir Xarici İşlər Nazirliyi İsrailin Qəzzadakı hərbi işğalının yeni mərhələsinə başlamasını pisləyib. Nazirlik İsrailin hərəkətlərini “məsuliyyətsiz” adlandıraraq, bunun Fələstin və region üçün fəlakətli nəticələrə səbəb olacağı barədə xəbərdarlıq edib.
İordaniya
İordaniya Xarici İşlər Nazirliyi İsrailin quru əməliyyatlarını genişləndirməsini və mühasirədə olan ərazilərin intensiv bombardmanını “beynəlxalq və humanitar hüququn açıq şəkildə pozulması” kimi qiymətləndirərək pisləyib.
Şotlandiya
Şotlandiyanın Baş naziri Con Svini Böyük Britaniya hökumətini Qəzzadakı vəziyyətlə bağlı daha sərt tədbirlər görməyə və İsrailə qarşı sanksiyalar tətbiq etməyə çağırıb. Sosial mediada paylaşım edən Svini İsrailin hücumları və BMT-nin son hesabatını İngiltərə hökuməti üçün ciddi xəbərdarlıq hesab etdiyini bildirib.
BMT
BMT-nin baş katibi Antonio Quterreş mühasirə altındakı Qəzzadakı vəziyyəti “soyqırım” kimi səciyyələndirməkdən çəkinib. Quterreş bildirib ki, soyqırımın qanuni olaraq müəyyən edilməsi onun səlahiyyətində deyil və bu məsələ Beynəlxalq Ədalət Məhkəməsi kimi məhkəmə orqanlarına aiddir.




