DÜNYA
1 dəqiqə oxuma
Rusiya Ukraynanın enerji infrastrukturunu hədəf alıb
Ukrayna ordusu və yerli hakimiyyət orqanları Rusiyanın onlarla dron və ballistik raketlərlə ölkənin enerji infrastrukturunu hədəf aldığını açıqlayıb
Rusiya Ukraynanın enerji infrastrukturunu hədəf alıb
Rusiya Ukraynanın enerji infrastrukturunu hədəf alıb / Reuters
10 saat əvvəl

Ukrayna ordusu və yerli hakimiyyət orqanları Rusiyanın onlarla dron və ballistik raketlərlə ölkənin enerji infrastrukturunu hədəf aldığını açıqlayıb. Gecə saatlarında həyata keçirilən hücumların paytaxt Kiyev və ətraf ərazilərə, Qara dəniz sahilindəki liman şəhəri Odessaya, eləcə də Ukraynanın mərkəzi bölgələrinə ciddi ziyan vurduğu bildirilir.

Kiyevin qubernatoru Nikolay Kalaşnik "Telegram" kanalında verdiyi açıqlamada hücumlar nəticəsində azı bir nəfərin yaralandığını, beş rayonda dağıntıların qeydə alındığını və çox sayda evə ziyan dəydiyini qeyd edib. Odessa qubernatoru Oleq Kiper isə bölgənin enerji infrastrukturuna edilən dron hücumunun yanğınlara səbəb olduğunu bildirib.

Rusiya 2022-ci ilin fevralında başlayan genişmiqyaslı işğal dövründən bəri demək olar ki, hər gün Ukraynanın elektrik stansiyalarını, yarımstansiyalarını və qaz sektorunu hədəf alır. Rəsmi Moskva bu zərbələrin Ukraynanın döyüş qabiliyyətini zəiflətmək məqsədi daşıdığını iddia edir.

Ukraynanın xarici işlər naziri Andrii Sibiqa rəsmi "X" platformasında etdiyi paylaşımda Rusiyanın bu cür terror xarakterli kütləvi hücumlarla diplomatiyanı sarsıtmağa çalışdığını vurğulayıb. Nazir qeyd edib ki, bu hücumların normallaşdırılmasına icazə vermək olmaz və onlar dərhal dayandırılmalıdır.