Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi nəzdində fəaliyyət göstərən Dezinformasiya ilə Mübarizə Mərkəzi sosial şəbəkələrdə yayılan və rəsmi Ankaranın “DEAŞ terrorçularını dəstəklədiyi”, eləcə də bu qrupların qadınlara qarşı zorakılıq tətbiq etdiyi yönündə iddiaları təkzib edib.
Dezinformasiya ilə Mübarizə Mərkəzi yanvarın 25-də yaydığı açıqlamada bildirib ki, sözügedən iddiaları ehtiva edən görüntülər və paylaşımlar Türkiyəni hədəf alan məqsədli dezinformasiya kampaniyasının bir hissəsidir və həmin materiallar təhrif olunub. Açıqlamada videolarda yer alan şəxslərin DEAŞ üzvləri olmadığı, əksinə, toqquşmalardan qaçaraq ərəb qəbilə qüvvələrinə təslim olan YPG üzvü qadın terrorçular olduğu qeyd edilib.
Beləliklə də, Dezinformasiya ilə Mübarizə Mərkəzi vurğulayıb ki, Türkiyənin terrorçuları dəstəklədiyi və bu terrorçuların qadınlara qarşı zorakılıq tətbiq etdiyi barədə yayılan görüntü və iddialar əsassızdır. Bildirilib ki, Türkiyə regionda DEAŞ terror təşkilatına qarşı mübarizədə qabaqcıl mövqe sərgiləyir və bu təşkilata qarşı ən güclü və qətiyyətli mübarizələrdən birini aparır.
Mərkəz həmçinin, ictimaiyyəti Türkiyənin terrorla mübarizə səylərini zəiflətməyə və ölkənin beynəlxalq nüfuzuna xələl gətirməyə yönəlmiş manipulyativ və çaşdırıcı məzmunlara etibar etməməyə çağırıb.
Qeyd olunub ki, Suriyada yanvarın 24-də müddəti başa çatan atəşkəsin 15 gün uzadılmasına baxmayaraq, bölgədə toqquşmalar davam edir.
Dezinformasiya ilə Mübarizə Mərkəzi bu ayın əvvəlində də rəsmi Ankaranı Suriyada DEAŞ üzvlərinin saxlanıldığı həbsxanalardan azad edilməsi ilə əlaqələndirən digər iddiaları rədd etmiş, Türkiyənin terror təşkilatına qarşı ən güclü mübarizələrdən birini həyata keçirdiyini bəyan etmişdi.














