DÜNYA
2 dəqiqə oxuma
Mark Karni: “Qaydalara əsaslanan azad ticarət dövrü artıq geridə qalıb”
O, bu fikirləri Cənubi Koreyada keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində baş tutan biznes forumunda çıxışı zamanı səsləndirib
Mark Karni: “Qaydalara əsaslanan azad ticarət dövrü artıq geridə qalıb”
Mark Karni: “Qaydalara əsaslanan azad ticarət dövrü artıq geridə qalıb” / AP
31 oktyabr 2025

Kanadanın Baş naziri Mark Karni bildirib ki, qaydalara əsaslanan azad ticarət və investisiya dövrü artıq geridə qalıb və qlobal iqtisadiyyat 1989-cu ildə Berlin Divarının yıxılmasından bəri ən dərin dəyişikliklərdən birini yaşayır.

O, bu fikirləri Cənubi Koreyada keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində baş tutan biznes forumunda çıxışı zamanı səsləndirib.

Karni sammit çərçivəsində Çin Prezidenti Si Cinpinlə də görüşəcək. Bu, 2017-ci ildən bəri Çin və Kanada arasında ilk rəsmi görüş olacaq. Çin dövlət mediasının məlumatına görə, görüş iki ölkə münasibətlərində əhəmiyyətli bir dönüş nöqtəsi kimi qiymətləndirilir.

Baş nazir bildirib ki, Kanada növbəti on il ərzində ABŞ-dan kənara ixracını iki dəfə artırmağı hədəfləyir.

Görüşdən əvvəl açıqlama verən Si Cinpin dünyada son bir əsrdə görünməmiş qlobal dəyişikliklərin sürətləndiyini, beynəlxalq vəziyyətin isə getdikcə daha dəyişkən və gərgin hal aldığını bildirib. Çin Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, Si Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti sammitində çıxış edərək deyib:
“Əsl mənada çoxtərəfliliyi tətbiq etməli və Ümumdünya Ticarət Təşkilatının (ÜTT) mərkəzində dayanan çoxtərəfli ticarət sisteminin nüfuzunu və effektivliyini artırmalıyıq’’.

Kanadanın Çinlə münasibətləri Qərb ölkələri arasında ən gərgin sayılır. Hər iki ölkə Donald Tramp administrasiyasının tarif siyasətindən mənfi təsirlənib. Si və ABŞ Prezidenti cümə axşamı gərginliyin azaldılması barədə razılığa gəlsələr də, vəziyyət hələ də tam sabitləşməyib.

İki ölkə arasındakı münasibətlər 2018-ci ildə ABŞ-ın tələbi ilə Vankuverdə Çin telekommunikasiya şirkətinin rəhbərinin həbsi və cavab olaraq Çinin iki kanadalını casusluq ittihamı ilə saxlaması nəticəsində pozulub.

Cari ilin iyul ayında Mark Karni Çindən idxal edilən əridilmiş polad məhsullarına əlavə 25 faiz tarif tətbiq edib. Bir ay sonra Pekin buna cavab olaraq Kanadadan kanola idxalına müvəqqəti 75,8 faiz tarif tətbiq edəcəyini elan edib.